Vadim Vasilyev: Hamı deyir ki, Slovakiyaya vurduğumuz birinci qolu arxamla vurmuşam

Baxış sayı: 2. 104 dəfə baxılıb.

Vadim Vasilyev: Hamı deyir ki, Slovakiyaya vurduğumuz birinci qolu arxamla vurmuşam

Bu gün Bakı vaxtı ilə saat 23:45-də futbol millimiz AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq. 2001-ci ilin iyunun 6-da Bakıda Slovakiya millisini 2:0 məğlub etmiş matçda yığmamızın ilk qolunu vuran futbolçu Vadim Vasilyev olub. O həm də bu gün millimizin oynadığı Trnava şəhərindəki Anton Malatinski adına stadionda da qol vurmağı bacarıb (ümumiyyətlə, V. Vasilyev yığmada iki qol vurub – S.M.).

ÇıxışYolu.Com hazırda AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin rəhbəri olduğu İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində məşqçi işləyən Vadim Vasilyevdən müsahibə götürüb.

– Yığmamızın bugünkü oyunda şanslarını necə görürsünüz?

– Bizim millimiz üçün çox çətin oyun olacaq. Slovakiya millisinin AVRO-2020 şansı qaldığı üçün onlar çalışacaq ki, bu matçda qalib gəlsinlər. Onların başqa variantı da yoxdur. Bizim üçün isə oyun heç bir əhəmiyyət daşımır. 

– Amma bizim milli bu seçmə mərhələdə hələ qələbə qazana bilməyib. Bu da yığma futbolçuları üçün motivasiya ola bilərmi?

– Hər seçmə mərhələdə bir komandanı büdrədik. Bunu nəzərə alsaq, bu dəfə də Slovakiyadan səfərdə xal ala bilərik. Amma 18 il əvvəl biz Slovakiyanı büdrədəndə Türkiyə millisinin dünya çempionatına gedən yolunu açmışdıq. İndi də Slovakiya millisinin futbolçuları 2001-ci ildəki oyunu yada salacaqlar. Elə bilirsiniz ki, onların idman jurnalistləri bu barədə onların futbolçularına sual vermir?

– Yeri gəlmişkən, 2001-ci ildə qalib gəldiyimiz həmin oyun haqda qısaca danışardınız…

– Həmin oyun haqda o qədər danışmışam. Hamı deyir ki, vurduğumuz birinci qolu arxamla vurmuşam. Amma topu sürüşərək ayağımın altı ilə qapıdan keçirmişəm. Düzdür, boynuma alıram ki, “podkat” etmək istəyirdim. Amma əvəzində topa “podkat” etdim (gülür). Əsas odur ki, top qapıdan keçdi, qol qeydə alındı və hesabda önə keçdik.

– Siz həm də o matçda məhsuldar ötürməyə imza atmısınız…

– Bayaq idman saytlarından biri yazmışdı ki, Zaur Tağızadənin ötürməsi ilə qol vurmuşam. Amma qeyd olunmur ki, Zaurun vurduğu ikinci qolun ötürməsini də mən vermişəm. Yeri gəlmişkən, biz həmin oyunda daha iki qol vura bilərdik. Əks-hücum zamanı Rüfət Quliyev və Qurban Qurbanov da qapıçı ilə təkbətək çıxmışdı, amma qol vura bilmədilər.

– Necə düşünürsünüz, həmin heyəti indi xatırlayan var?

– İnanırsınız ki, çoxundan soruşsan, xatırlamaz. Soruşsan ki o vaxt kim heyətdə olub, tam deyən olmaz. Deyən iki-üç futbolçunun adını çəkər. O da daha çox qol vuranların.

– Yeri gəlmişkən, yığmadakı digər qolunuzu da məhz Slovakiyaya vurmusunuz. Sanki Slovakiya sizin üçün uğurlu komandadadır…

– Elədir. 2:0 qalib gəldiyimiz oyundan əvvəl 2001-ci ilin martında Slovakiyada ilk oyunumuza çıxdıq. Hesabı onlar açmışdı. Daha sonra mən topla bir neçə nəfəri keçib cərimə meydançasına daxil oldum. Həmin vaxt məni yıxdılar, Slovakiyanın qapısına penalti təyin olundu. Penaltini də mən vurdum. Təəssüf ki, sonra iki top buraxıb 1:3 hesabı ilə uduzduq.

Həmin matçdan sonra mənə Almaniyanın “Enerqi” (Kotbus) klubundan təklif gəlmişdi. Almaniyaya baxışa getmişdim. Orda bəyənilmişdim. Müqavilə bağlamağıma üç gün qalmışdı. Amma ayaq əzələ bağlarım sıradan çıxdığından və diz nahiyəmdən zədə aldığımdan, müqavilə bağlaya bilmədim.

Səbuhi Musayev