Vahid Əhmədov: Həmsədrlər illərdir gəlir, yeyib-içib, gedirlər - MÜSAHİBƏ

Vahid Əhmədov: Həmsədrlər illərdir gəlir, yeyib-içib, gedirlər – MÜSAHİBƏ

Baxış sayı: 2. 045 dəfə baxılıb.

ÇıxışYolu.Com müxbirinin suallarını sabiq birinci vitse-premyer, millət vəkili Vahid Əhmədov cavablandırır:

– Vahid müəllim, yaxın günlərdə 2018-ci ilin dövlət büdcədində dəyişikliklər ediləcək. Dünyada neftin qiymətinin artması ilə əlaqədar Azərbaycanda neftin qiymətinə yenidən baxıla bilərmi?

– Əvvəla, 2018-ci ilin dövlət büdcəsində dəyişiklik edilməsi məsələsi elə dünyada neftin qiymətinin artması ilə bağlıdır. Bildiyiniz kimi, dünyada neftin bir barelinin qiyməti 80 dollara çatıb.

Bu baxımdan, dövlət büdcəsində neftin qiymətinə yenidən baxıla bilər. Büdcə formalaşdırılarkən neftin qiyməti 45 dollardan götürülmüşdü, indi isə neftin qiymətinin qalxması ilə əlaqədar bu rəqəm 55 və 60 dollar müəyyən oluna bilər. Bu, daha real görünür.

– Bildiyiniz kimi, 2015-2016-cı illərdə manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsindən, dalbadal iki ağır devalvasiyanın yaşanmasından sonra ölkə prezidenti İlham Əliyev bütün çıxışlarında neft amilinin unudulması, qeyri-neft sektorunun inkişafına diqqətin artırılması məsələsini dilə gətirib və bu istiqmətdə konkret addımlar atılmaqdadır. Amma bununla yanaşı, hər dəfə neftin qiymətinin artması məsələsi gündəmə gələndə bəzi strukturlar tərəfindən sanki sevinc hissləri yaşanır, yəni, belə demək mümkünsə, ümidlər yenə neft amilinə bağlanır, qeyri-neft sektoru ilə bağlı məsələsə ikinci plana keçir…

– Əslində, burada qəribə heç nə yoxdur. Belə də olmalıdır. Çünki neft amili, neft faktoru hələ də mühümlüyünü, əhəmiyyətini qoruyub-saxlamaqdadır. Bu gün ölkə iqtisadiyyatının, dövlət büdcəsinin az qala 49-50 faizini neft, neftdən gələn gəlirlər təşkil edir.

Əgər neftə, neftdən gələn gəlirlərə ehtiyac olmasaydı, o zaman nə üçün hər il ən azı 4-5 milyard Dövlət Neft Fondundan transfertlər edilir? Deməli, neftə, neftdən gələn gəlirlərə ehtiyac var.

Düzdür, bəzi insanlar iddia edirlər, elə millət vəkilləri arasında da belə düşünənlər var ki, nefti bir kənara qoymaq, unutmaq lazımdır, ancaq mən bununla razılaşmıram. Neft amili bizim üçün çox böyük önəm daşıyır və hələ uzun illər ərzində də önəm daşımaqda davam edəcək.

Onu da qeyd edim ki, ölkə prezidentinin təşəbbüsü, göstəriş və tapşırıqları nəticəsində son illər ölkədə qeyri-neft sektorununun inkişafı istiqamətində böyük addımlar atılıb, müsbət irəliləyişlər müşahidə olunmaqdadır.

Yəni, qeyri-neft sektorunun inkişafı diqqətdə, nəzarətdə saxlanılır. Amma yenə də qeyd edirəm ki, Azərbaycan iqtisadiyyatında, dövlət büdcəsində neft amili hələ uzun illər aktuallığını qoruyub-saxlayacaq.

– Necə hesab edirsiniz, büdcəyə dəyişikliklər zamanı müdafiə xərclərinə, hərbi büdcəyə baxıla, burada artım nəzərdə tutula bilərmi?

– Azərbaycanda ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılmasına çox böyük diqqət yetirilir. Bu istiqamətdə lazım olan bütün addımlar atılır. Çünki biz həm də müharibə vəziyyətində olan bir ölkəyik.

30 ildən çoxdur ki, zorla münaqişəyə cəlb edilmişik və münaqişənin həlli hələlik real görünmür. Odur ki, bu amil orduya diqqətin ikiqat, üçqat artırılmasını zəruri edir və hər il dövlət büdcəsində müdafiə xərcləri, hərbi xərclər üçün böyük miqdarda vəsait nəzərdə tutulur.

Demək olar ki, büdcənin 12-14 faizini hərbi xərclər təşkil edir. Bu, çox böyük göstəricidir. Yəni, ordu üçün nə lazımdırsa, edilir və bundan sonra da ediləcək. Hələlik indidən dəqiq bir söz söyləyə bilmərəm, amma ola bilər ki, büdcəyə dəyişiklik zamanı bu istiqamətdə müəyyən artımlar nəzərdə tutulsun.

Hesab edirəm ki, artımlar ilk növbədə sosial sahəyə, sosial məsələlərin həllinə yönəldilməlidir. İlk növbədə büdcədən maliyyələşən təşkilatlarda çalışan insanlarımızın əməkhaqlarının artırılması burada prioritet məqamlardan olmalıdır. Çünki bu gün büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın – müəllimlərin, həkimlər və digər kateqoriyadan olanların əməkhaqları aşağıdır.

Düzdür, onların əməkhaqlarının artırılması istiqamətində də addımlar atılır, amma bunlar yetərli deyil. Hesab edirəm ki, artımlar ilk növbədə maaşların, əməkhaqlarının artırılmasına yönəldilməlidir. Ortada çox mühüm əhəmiyyətli layihələr var. Onların maliyyələşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

– Söhbət müdafiədən düşmüşkən, bir zamanlar ölkənin hərbi-sənaye kompleksinə rəhbərlik etmiş bir insan kimi necə düşünürsünüz, Azərbaycanda peşəkar ordu quruculuğuna keçid mümkündürmü?

– Peşəkar ordu məsələsi hər zaman gündəmdə olub, heç vaxt gündəmdən düşməyib. Artıq peşəkar ordu quruculuğuna keçmə zamanıdır. Demirəm ki, bunu birdən-birə edək, bu, bir az real görünmür.

Peşəkar ordu quruculuğu böyük maliyyə vəsaiti tələb edir. Amma bununla belə, bu istiqamətdə addımlar atılmalı, sürətləndirilməli və ildən-ilə peşəkar hərbçilərin sayı artırılmalıdır. Buna böyük ehtiyac var.

Ailələrin tək oğul övladlarının orduya çağırılması məsələsi gündəmin əsas məsələlərindən birini təşkil etməkdədir. Hər zaman hesab etmişəm, bu gün də hesab edirəm ki, ailələrin tək oğul övladları hərbiyə, orduya çağırılmamalıdır, ən azı cəbhənin ön xəttinə göndərilməməlidir.

Tək oğul nəslin, ailənin davamçısı deməkdir, əgər həmin övlad həyatını itiririsə, o zaman ailənin davamı olmur. Bu, çox ürəkağrıdıcı bir məsələdir. Bu məsələləri həll etmək üçün Azərbaycanda peşəkar ordu quruculuğuna başlanmalıdır.

– Qarabağ münaqişəsini hərbi yolla neçə müddətə həll etmək olar və Azərbaycan ordusu bu gün bunu etmək gücündədirmi?

– Qarabağ münaqişəsinin yeganə həll yolu, həll variantı hərbi variantdır. Bunun başqa adı, başqa yolu yoxdur. Torpaqları, əraziləri işğal olunan və illərdir işğal altında qalan Azərbaycan torpaqları, Azərbaycan əraziləridir.

Milyondan artıq qaçqın-köçkünü olan Azərbaycandır. Bu vəziyyət belə davam edə bilməz. Torpaqlarımız mütləq geri qaytarılmalıdır, biz həmin əraziləri işğaldan qurtarmalıyıq. Müharibəni qələbə ilə başa çatdırmaq üçün hər cür imkanlarımız, potensialımız var.

Azərbaycan dövləti, Azərbaycan ordusu çox güclüdür və istənilən həmləni dəf etməyə hazırdır. Nə Qərb, nə ABŞ, nə İran, nə Rusiya, nə də digərləri bizə torpaq qaytarandır. Onları münaqişənin həlli qətiyyən düşündürmür.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildən indiyədək dörd qətnamə qəbul edib. Bu illər ərzində həmin qətnamələrin icrasına nail olubmu, bu istiqamətdə bir addım da olsun, irəliyə doğru gedilibmi? Və yaxud, ATƏT-in Minsk qrupu və həmsədrlər, həmsədr dövlətlər Ermənistana lazım olan təzyiqi, təsiri həyata keçiriblərmi, sanksiyalar tətbiq ediblərmi, onun təcavüzkarlıq siyasətindən geri çəkilməsi üçün nəsə ediblərmi?

Sadəcə, işləri-gücləri tərəfləri sülhə çağırmaqdan, mənası, əhəmiyyəti olmayan boş bəyanatlar verməkdən o yana keçməyib.

Həmsədrlər də illərdir gəlib, yeyiblər-içiblər, sonra da çıxıb gediblər. Həmsədr dövlətlərin üçü də Ermənistana açıq və gizli şəkildə dəstək verən ölkələrdir. Düzdür, Azərbaycan yenə də münaqişənin sülh, danışıqlar yolu ilə həllinə üstünlük verir, bu istiqamətdə üzərinə düşən bütün işləri görür, amma ortada real nəticə yoxdur, görünmür.

Azərbaycanın Qarabağ münaqişəsini hərb yolu ilə həll etməkdən başqa yolu qalmır. Artıq xalqımız özündə güc tapıb, münaqişəni hərb yolu ilə həll etməlidir. BMT də, ATƏT də, Minsk Qrupu da, digərləri boş şeylərdir.

– Bəs dünyadakı mövcud reallıqlar, beynəlxalq şərtlər buna imkan verirmi, verəcəkmi?

– Biz bunları yaddan çıxarmalıyıq. Reallıqlar, şərtlər imkan verməsə də, biz torpaqlarımızı azad etməliyik. Başqalarının torpaqlarını istəmirik ki, başqaların ərazilərinə göz dikmirik ki?! Öz torpaqlarımızı işğaldan azad etmək istəyirik də, buna kim qarışa bilər?!

Bugünkü Ermənistan Azərbaycan, türk torpaqları hesabına yaradılmış bir dövlətdir. Tarixdə bu ərazilərdə Ermənistan adlı dövlət olmayıb. Biz indi imkan verə bilmərik ki, burada ikinci bir erməni dövləti yaransın. Bunu çıxışlarında cənab prezident də dilə gətirir.

O, hətta qədim Azərbaycan torpaqları olan İrəvanın, Zəngəzurun, Göyçənin məsələsini, onların ötən əsrin əvvəllərində Ermənistana zorla bilrləşdirilməsi məsələsini gündəmə gətirir, tarixi haqsızlıqlardan danışır.

Bunlar çox önəmli məsələlər, cəsarətli addımlardır. Dünya artıq bilməlidir ki, bizim özgə torpaqlarında gözümüz yoxdur, biz öz torpaqlarımızı işğaldan azad etmək, yağı tapdağından qurtarmaq istəyirik.

Məsələn, Rusiya bir neçə il öncə Cənubi Osetiyaya girdi. Dünya birliyi, aparıcı dövlətlər, beynəlxalq hüquq normalarından dəm vuran qurumlar ona bir söz dedilərmi? Və yaxud, bir neçə il öncə Rusiya Krıma girdi, onu özünə ilhaq etdi, ona yenə nəsə deyən oldumu? Nə etdilər, hansı addımı atdılar? Heç nə!

Ona görə kimsə bizə heç nə deyə bilməz. Ərazilərimizi işğaldan azad etmək istəyirik və bunda tam haqlıyıq. Düzdür, Azərbaycan müharibəyə başlayarsa, münaqişəni hərb yolu ilə həll etməyə qalxarsa, müyyən müdaxilə cəhdləri ola bilər, bu, istisna deyil. Amma biz öz gücümüzə arxalanmalıyıq, heç kimdən heç nə gözləməməliyik.

Bu günlərdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) hansı biabırçılığa yol verdi. Bu qurumda Azərbaycan öz haqq səsini ucaltmağa, Ermənistanı ifşa etməyə çalışırdı və zaman-zaman bunu edirdi. Məhz Ermənistanın, onun bəh-bəhlə başa keçirilən keçmiş prezidenti, qatı cinayətkar Serj Sarkisyanın cinayətkar əməllərini ifşa etdiyi üçün Azərbaycan nümayəndə heyəti, onun rəhbəri Səməd Seyidov cəzalandırıldı. Bunun başqa adı yoxdur.

Onlar Azərbaycan nümayəndə heyətinin, onun rəhbəri Səməd Seyidovun fəaliyyətindən, Ermənistanın təcavüzkarlıq siyasətinin açıq şəkildə ifşa olunmasından ciddi şəkildə rahatsız idilər, bunu qəbul və həzm edə bilmirdilər.

Ermənistan AŞPA və digər qurumlarda seytnot vəziyyətinə salınmışdı. Ona görə də heç bir əsas və fakt olmadan Səməd Seyidov, onun timsalında Azərbaycana qarşı belə bir çox haqsız və ədalətsiz qərara imza atdılar. Bunlar həmin qurumun tarixində qara ləkə kimi qalacaq.

Kimdənsə nicat gözləməməliyik. Kimsəni Qarabağ münaqişəsin həlli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi düşündürmür. Odur ki, münaqişəni özümüz öz gücümüzə həll etməliyik.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com