Orduya ictimai nəzarətin təmin edilməsi vacibdir. Xüsusilə də, millət vəkillərinin bu mühüm sahəyə ictimai nəzarəti təmin edilməlidir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Millət vəkili deyib ki, orduya dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılır:
“Bu gün büdcənin haradasa 12-14 faizini orduya ayrılan vəsaitlər təşkil edir. Bu, çox böyük rəqəmdir. Əslində belə də olmalıdır. Çünki biz həm də müharibə vəziyyətində olan bir ölkəyik. 30 ildir ki, zorla münaqişəyə cəlb olunmuşuq. Ona görə də ordunun gücləndirilməsinə diqqət ikiqat, üçqat olmalıdır.
Amma bununla belə, bu sahəyə, Müdafiə Nazirliyinə ictimai nəzarət mütləq olmalıdır. Ordunu nəzarətsiz buraxmaq olmaz. Biz bilməliyik ki, bu vəsaitlər necə və nəyə sərf olunur?!
Ümumiyyətlə, bu gün bütün sahələrə ictimai nəzarət vacibdir. Bildiyiniz kimi, 3 il öncə sahibkarlar, iş adamları yoxlamalardan azad edildilər. Bu, çox yaxşı və vaxtında atılmış addım idi. Amma çox təəssüflər olsun ki, bundan sui-istifadə edənlər tapıldı. Bəzi iş adamları, sahibkarlar öz bildiklərini etməklə məşğul oldular. Bunlar isə təbii ki, yolverilməz hallardır.
Odur ki, ictimai nəzarət hər bir sahəyə, o cümlədən, orduya da mütləqdir, vacibdir”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com