Rusiyanın fond birjasında səhmlərin kəskin ucuzlaşması, “Forbes” siyahısına daxil olan rusiyalı biznesmenlərin aktivlərinə ağır zərbə vurub.
ÇıxışYolu.Com xəbər verir ki, “Forbes” nəşrinin hesablamalarına görə, rusiyalı biznesmenlər gün ərzində 14,3 milyard dollar ziyan görüb.
Ən çox ziyan görən “Norilsk Nikeli” şirkətinin sahibi Vladimir Potanin olub. Onun aktivləri 10 faiz, təxminən 1,5 milyard dollar azalaraq, 14,1 milyard dollara düşüb.
Maddi zərər baxımından ikinci yerdə senator Süleyman Kərimov gəlir. Onun varidatı 1,4 milyarda yaxın ziyan görüb.
Üçlüyü biznesmen Oleq Deripaska tamamlayır. “Rusal” və “En+” şirkətlərinə aid səhmlərin ucuzlaşması nəticəsində aktivləri 1,3 milyard dollar ziyan görüb.
Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov da fond birjasındakı tənəzzüldən zərər görüb. Onun aktivləri 970 milyon dollar azalıb.
Qeyd edək ki, ABŞ-ın ötən həftə təqdim etdiyi yeni sanksiyalar Rusiyanın səhm bazarlarına böyük zərbə vurub.Moskva fond birjasının aprelin doqquzuna saat 13:10-a olan indeksi 9,386 faiz və ya 214,12 bənd azalaraq 2067,11 bəndə enib.