Bəzən valideynlər uşaqlarına məktəb seçimi zamanı çətinliklər yaşayırlar. Hər kəs övladının daha yaxşı məktəbdə təhsil almasını istəyir. Bu səbəbdən bəzi məktəblərdə şagird sayı həddindən artıq çoxdur və müəyyən problemlər yaşanır.
Bu cür problemlərlə üzləşməmək, uşaqların yaxşı səviyyədə təhsil alması üçün valideynlər nə etməlidirlər?
Təhsil komitəsinin deputatı və ekspert Modern.az-ın sualını cavablandırıb.
Ceyhun Məmmədov valideynlərin uşaqları üçün yaşadığı yerlərə uyğun məktəb seçmələrini daha məqsədə uyğun hesab edir:
“Valideynlər öz yaşadıqları yerdəki məktəbləri deyil, konkret olaraq başqa bir məktəb seçdikləri zaman digər uşaqlar üçün problem yaranır. Təbii ki, hər bir uşaq özəl məktəblərdə təhsil ala bilmir. Bakı ərazisində yerləşən, yaxşı tanınan bir məktəbi bütün valideynlər seçsə, artıq orada sıxlıq yaranır və həmin məktəbə yaxın ərazidə yaşayan uşaqlar orada təhsil ala bilmir.
Tövsiyəm odur ki, hazır ki, pandemiya şəraitini, sıxlığı nəzərə alaraq valideynlər yaşadıqları əraziyə yaxın məktəbləri seçsinlər. Bəzən bu məktəblərin dərs keçməsi, səviyyəsi ilə bağlı problemlər olur lakin indiki durumu nəzərə almaq vacibdir”.
Deputat son illər ölkəmizdə təhsillə bağlı çox ciddi islahatların aparıldığını qeyd edib:
“Yeni məktəblər inşa olunur, direktorlar və müəllimlər imtahan keçirilərək təyin edilir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində dövlət bütün zəruri addımları atır. Valideynlər bu reallıqları nəzərə alıb yerinə yetirməlidirlər. Artıq əvvəlki dövrlərə nisbətən irəlləyişlər var. Məktəblərin tədris prosesini, özünü əvvəlki illərlə müqayisə etdiyimiz zaman çox fərqlər görə bilərik. Valideynlər tərəfindən ciddi bir narazılıq yaradacaq vəziyyət yoxdur. Sadəcə olaraq məktəb seçimi zamanı verilən tövsiyyələrə əməl etmək lazımdır. Bakının mərkəzində yerləşən məktəblərə digər bakı şəhər rayonları tərəfindən axın olur. Bakıda bir məktəb ad çıxardır məsələn 160, 132, 134 saylı və s. Artıq hər kəs başlayır övladını o məktəbə yönləndirməyə lakin məktəbin o qədər şagird qəbul etməyə imkanı yoxdur. Məktəblə bərabər uşağın özünün təhsili, valideynin tələbkar olması bu amillər də böyük rol oynayır. Demək olarki bütün məktəblərin xüsusilə Bakı şəhərində yerləşən məktəblərin təhsil istiqamətində çox ciddi irəliləyişlər var. Yaxşı təhsil verən məktəblərimizin sayı çoxdur. Məktəb seçimi tam olaraq hər şeyi həll etmir. Valideyn övladına daha çox diqqət ayırmalı, onun təhsilinə önəm verməlidir. Artıq bu proseslərə nəzarət var. Biz çalışmalıyıq ki, bütün məktəblərdə tədrisin keyfiyyətini bərabərləşdirək və nizam intizamı daha da yüksəldək ki, başqa yerlərə axın olmasın. Hər kəs öz ərazisində təhsil alsın”.
Ekspert Kamran Əsədov son illər məktəbəqədər təhsilə marağın artdığını söyləyib:
“Əsas səbəb isə orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yükünün ağır olması ilə bağlıdır. Son üç il ərzində dövlət orta ümumtəhsil məktəblərinin nəzdində məktəbəqədər tədris qrupları fəaliyyət göstərir. Lakin valideynlər dövlət məktəblərinin nəzdində olan qrupları deyil, özəl sahədə olan hazırlıq kurslarını, repetitorları daha üstün tuturlar, baxmayaraq ki, ödənişli əsaaslarladır. Əsas səbəb dövlət ümumtəhsil məktəblərindən fərqli olaraq, özəl kurslarda, repetitor yanında informasiyanın daha çox verilməsidir”.
Ekspert şagirdlərin məktəbəqədər hazırlıq kurslarına getməsini zəruri hesab edir:
“İnformasiya, tədris yükü həddən artıq çoxdur. Hər kəsin əl çatanlığı, təhsilin keyfiyyətinin artırılması üçün məktəbə hazırlıq qruplarının sayı ölkə üzrə 100%-ə çatdırılmalıdır. Son illər şahidi oluruq ki, valideynlər uşaqlarını məktəbə və məktəbəqədər hazırlıq kurslarına qoyan zaman mərkəzi yerlərə, eyni zamanda rus bölməsinə üstünlük verirlər.
Valideynlər tərəfindən daha çox Səbail, Nərimanov, Yasamal və Xətai rayonunun məktəbləri seçilir. Bunun əsas səbəbi həmin məktəblərin ibtidai siniflərində tədrisin keyfiyyət göstəricisinin daha yüksək olmasıdır. Xətai rayonunda daha çox üstünlük verilən məktəb “Humanitar Lisey”, 145 saylı orta məktəbdir. 5-ci sinifdən sonra isə 147 saylı lisey seçilir və göstəriciləri çox yüksəkdir.
Səbail rayonunda 6 və 7 nömrəli məktəb,Yasamalda 20, 53 nömrəli, Nərimanovda isə daha çox mərkəzə yaxın olan məktəblər seçilir”.
Ekspert İbtidai sinif seçimlərində son illər rus bölməsinə marağın artdığını vurğulayıb:
“Tək 10 gün ərzində rus bölməsini seçən valideynlərin sayı 17000 nəfərdən çoxdur. Bunun əsas səbəbi övladlarının əlavə xarici dil biliyinin artmasıdır”.