570eedad-2cac-4f0a-b9da-a67fbc8375dd..jpg

Valideynləri tərəfindən uşaq evinə atıldı, üç dəfə evləndi – Bahar Lətifqızı haqqında maraqlı faktlar – FOTO

Baxış sayı: 754 dəfə baxılıb.

Valideynləri tərəfindən uşaq evinə atıldı, üç dəfə evləndi – Bahar Lətifqızı
haqqında maraqlı faktlar – FOTO

Kulis.az müğənni Bahar Lətifqızı haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Samirə, soyadı Şahverdiyeva olan Bahar Lətifqızı 1979-cu ildə Sumqayıt
şəhərində anadan olub. Altı yaşına qədər ata, ana himayəsində yaşayan Baharın
valideynləri sonradan ayrılıblar.

Valideynləri ayrılandan sonra Bahar qardaşı ilə birlikdə 1 saylı internatda
yaşamağa və orada oxumağa başlayıb. Həmin günləri müsahibələrinin birində Bahar
belə xatırlayıb:

“Uşaqlara qulluq edirdim, analıq etməyə çalışırdım. İkinci sinifdə oxuyurdum,
qardaşımın corabları təmizdirmi, səhər dərsə nə geyinəcək deyə düşünürdüm.
Səhər dərsə gedirdik, günorta yeməyindən sonra iki saat gəzirdik. Axşam
hazırlığından sonra yemək yeyib yatırdıq. Palatanı özümüz yığışdırırdıq,
paltarlarımı özüm yuyurdum. Çox adam elə bilir ki, mənim anamın evi olub, amma
bizi internata qoyub. Xeyr, belə deyil. Atamla anam ayrıldı. Sonra atam
dünyasını dəyişdi. Anam ikinci dəfə ailə qursa da, bizi dolandıra bilmədi. O,
çöllərdə qalırdı. Heç kim mənim anamı təhqir edə bilməz, mən həmin adamı
bağışlamaram. Anamı sevdiyim qədər nifrət etmişəm, nifrət etdiyim qədər də
sevmişəm. Anam bizi internata qoyandan sonra yanımıza gəlib gedirdi, amma mən
onu istəməmişəm. Qəlb şüşə kimidir, qırıldı, qurtardı. Mən istəməzdim
internatda qalım. İstəyirdim ki, anamın yanında yatım gecələr. Səhərlər məni
məktəbə yola salsın, saçlarımı darasın. Bunların heç biri olmadı, mən özüm
özbaşına böyüdüm. Qardaşıma həm bacı, həm də ana oldum. O da mənim həm atam,
həm anam olub. Mənim qardaşımla uşaqlıq şəklim azdır. Hətta bir şəklimiz var. O
şəkli mən yataq otağımdan vurmuşam. Hər səhər o şəklə baxıb, Allaha şükür
edirəm. O vaxtlar qardaşımın yanından ayrılmırdım. Qardaşım futbol oynamağa
gedəndə, onun şalvarından yapışıb qalırdım. Hətta o, mənə acıqlanırdı, deyirdi,
rədd ol buradan. Amma mən yenə ondan əl çəkmirdim. Bayramlarda uşaqların
anasının əlindən tutub getməsinə baxıb ağlayırdım. Deyirdim, kaş, o uşaqların
yerinə mən olardım”.

Günlərin birində Məmmədbağır Bağırzadə ilə Hüseyn Arif Bahargilin qaldıqları
internata qonaq gəliblər. Bahar Məmmədbağır müəllimə yaxınlaşıb deyib ki, əmi,
məni birgünlük evinizə apararsınız? Məmmədbağır Bağırzadə isə onun başını
sığallayıb gülümsəyib.

İnternatda təhsil aldığı illərdə Sumqayıtda yerləşən klubların birinə musiqi
qabiliyyəti olan istedadlı uşaqlar cəlb olunub. Klubda fəaliyyət göstərən
Sədulla adlı tarzən internata gələrək Baharı həmin kluba aparıb. Burada Bahar
konsertlərə hazırlaşıb, özfəaliyyət tədbirlərində oxuyub.

Bahar internatda yaşadığı illərdə çox əziyyətlər çəkib. Bir qarnı ac, bir
qarnı tox yaşamağa öyrəşib. Hətta bir dəfə yay vaxtı zibilxanadan tapdığı
qarpız qabıqlarını da yediyini etiraf etməkdən çəkinməyib.

İnternat dövrü başa çatandan sonra Bahar qardaşı ilə birgə oradan çıxıb. Bu
zaman artıq Baharın anasına dövlət tərəfindən ev verilib. Onlar həmin evdə
yaşamağa başlayıblar. Ancaq aclıq günləri bitməyib. Bahargilin ailəsi
internatdan sonrakı dövrlərdə də aclıq çəkib. Bahar tez-tez qonşulara çörək
üçün borca gedib. Hər dəfə qonşularından çörək alanda, axşam çörəyi geri
qaytaracağına söz versə də, buna əməl edə bilməyib. Ona görə də o, qonşulardan
utandığından axşam düşəndə evlərinin işıqlarını söndürüb ki, qonşuları onların
evdə olduğunu bilməsin. Sonralar isə o, qonşulara çörək üçün getməkdən utanıb.
Binalarının mərtəbələrində yığılan quru çörəkləri, vaxtı keçmiş piroq
qırıntılarını böyük paketlərə yığıb evlərinə gətirib.

Ancaq evlərinə qayıdandan bir müddət sonra Baharın yaşadığı çətinliklər onun
atalığının qohumlarının gözündən yayınmayıb. Baharın qardaşı əsgər gedir,
anasını maşın vurub. Xəstə ana ilə tək qalan Bahara atalığının bacıları
köməklik ediblər. Ona paltar alıblar, evlərində saxlayıblar. İş elə gətirib ki,
Baharın atalığı da bir müddət sonra dünyasını dəyişib. Yaxşı səsi olan Bahar on
altı yaşından toylara getməyə başlayıb.

On səkkiz yaşında Bahar ailəsinin razılığı olmadan nişanlı olduğu oğlana
qoşulub qaçıb. Toyları olub. Ancaq Baharın bu evliliyi uğursuz alınıb. İki il
ailəli olan Bahar günlərin birində həyat yoldaşından ayrılmaq məcburiyyətində
qalıb. Bahar ikinci dəfə özündən yaşca böyük bir insanla ailə həyatı qurub.
Doqquz il birlikdə yaşasalar da, Baharın övladı olmadığı üçün onlar ayrılıblar.
Nəhayət, Bahar üçüncü dəfə ailə həyatı qurub və bu evlilikdən onun bir qızı
doğulub. Amma müğənni bu evliliyinə də müəyyən səbəblərə görə son verməli olub.

Bahar atasının ölüm xəbərini on beş yaşı olanda qohumlarının birindən öyrənib.
Ağlaya-ağlaya evə gələn Bahar stolun altına girib paltar sərilən sancaqları
götürüb çeynəyə-çeynəyə stulun altında oturub ağlayıb. Bir saatdan sonra o,
bütün sancaqları çeynəyib qırdığını görüb.

Sonralar o, atasının qəbrini tapmaqda əziyyət çəkib. Atası əslən Füzulidən
olduğundan bu işdə ona həmkarı və dostu Manaf Ağayev köməklik edib. Uzun
illərdən sonra müğənni atasının qəbrini tapıb onun üstünü götürüb.

Bahar musiqi aləminə el şənlikləri ilə gəlib. Bir müddət keçib özünə məxsus
səsi qısa zamanda insanlar tərəfindən sevilib. Onu tamaşaçılara isə “Nənəmin
nağılları” adlı ifa etdiyi mahnısı sevdirib. Bu həzin mahnı onun vizit kartı
hesab olunur.

Hazırda iki qızı ilə birgə yaşayan müğənni keçmişinin ağrı-acılı günlərini
unudub “Çağır aləmi”, “Gecələr”, “Divanələr” adlı mahnıları ilə
pərəstişkarlarını sevindirir.

Bahar haqqında yayılan ən məşhur şayiələrdən biri isə onun iki qızından əlavə
bir oğlunun olmasıdır. Deyilənlərə görə, müğənni oğlunu hər kəsdən gizlətmək
üçün ciddi səy göstərib. Bu barədə ondan soruşanda belə cavab verib:

“14 il övladım olmadı, mən də arzulayırdım ki, mənim də övladım olsun. Ona
görə də, iki dəfə ayrılmışam. Sonra iki qızım oldu. O oğlan, əslində, mənin
oğlum kimidir. Onu da biləsiniz. Mənim qardaşlığım Çingizin övladıdır. Biz
ailəvi möhkəm dostuq. Özü ilə də, yoldaşı ilə də, valideynləri ilə də.
İstəmirəm belə şayiələr olsun. Baharın Tunar adında oğlu var, onu gizlədir.
Yox, bu cür deyil. O, mənim bacımın, qardaşımın övladıdır”.

Source link