Valideynlərini öldürən ər-arvada ağır cəza - FOTO

Valideynlərini öldürən ər-arvada ağır cəza – FOTO

Baxış sayı: 2. 252 dəfə baxılıb.

Şirvan Apellyasiya Məhkəməsində Masallı rayon sakinləri Azər Ağayevin (1989-cu il təv.) və Bəstəgül Ağayevanın (1979-cu il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.7 9 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu ( aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyunun 5-də Masallının Miyenkü kəndində yaşayan Azər Ağayev və arvadı Bəstəgül ailə-məişət münaqişəsi zəminində valideynləri – Etibar Ağayev (1962-ci il təv.) və Rəfiqə Ağayevaya (1962-ci il təv.) balta ilə çoxsaylı zərbələr vuraraq qətlə yetiriblər. 

Sonra meyitləri həyətlərindəki tövlədə basdıraraq, üzərlərini betonla örtüblər. Növbəti günlər ərzində, yoxa çıxan ər-arvadla maraqlanan qohum və qonşulara onların Rusiyaya getdiyini deyiblər.

Bundan sonra A.Ağayev özü Masallı RPŞ-nə müraciət edərək, ata-anasının yoxa çıxmasını bildirib. İyunun 9-da əməliyyat-istintaq tədbirləri nəticəsində  məlum olub ki, Etibar və Rəfiqə Ağayevləri oğlu və onun arvadı öldürüblər.  

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Ağayev və Bəstəgül Ağayeva ittiham üzrə təqsirli bilinərək, hər biri 20 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Cəzaların ağırlaşdırılması məqsədilə prokuror apellyasiya protesti verib. 

Şirvan Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, protesti qismən təmin edib. 

Qərara əsasən, A.Ağayevin 20 il cəzası dəyişdirilərək ömürlük cəza ilə əvəz edilib.

B.Ağayevanın barəsində çıxarılan hökm dəyişdirilmədən saxlanılıb.

www.ÇıxışYolu.Com