Dünyada məşhur olan Panna Battle (topu ayaqların altından keçirmə) oyunu ikinci dəfə Bakıda keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, budəfəki yarışda da həvəskarlarla yanaşı, peşəkarlar iştirak ediblər.
“Keşlə”nin futbolçuları – Vaqif Cavadov, Denis Silva Kruz, Ruslan Nəsirli, “Neftçi”nin legionerləri – Baqaliy Dabo, Dario Frederiko da Silva, eləcə də futzal millimizin və EKOL klubunun üzvü Samir Həmzəyevlə, 17 yaşadək millimizin sabiq üzvü Mariya Semyonova mübarizə aparıb.
Ötən yarışın qalibi olmuş millimizin sabiq üzvü Saşa Yunisoğlu və “Neftçi”nin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün turniri kənardan izləməklə kifayətlənib.
İki braziliyalı – Denis Silva və Dario Frederiko arasında keçirilən görüş, həmçinin millimizin sabiq hücumçusu Vaqif Cavadovun keçirdiyi görüşlər daha maraqlı alınıb. Vaqif Cavadov ilk görüşdə qalib gəlsə də, özündən yaşca kiçik Mariya Semyonovaya və digər iştirakçılara uduzub.
Daha sonra o, gücünü üç azyaşlı uşaqla oynamaqla sınamaq qərarına gəlib. Bu da tamaşaçılar tərəfindən maraqla izlənilib.
Sonda qalib adını braziliyalı müdafiəçi Denis Silva Kruz qazanıb. O bütün görüşlərdə qalib olaraq xüsusi mükafata sahib çıxıb.
Qeyd edək ki, bu yarış ötən mövsüm “Şüvəlan” klubunda çıxış etmiş gürcü futbolçu Nuqzar Kvirtiyanın təşəbbüsü ilə keçirilir. Azərbaycan artıq Ümumdünya Fristayl Futbol Assosiasiyasının 27 üzvündən biridir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com