8cec8e39-26ff-4c37-b36e-a6f2e4747203..jpg

Vaqif Kərimov: “Bu, ilk növbədə, doğma Azərbaycanımız üçün qürur, düşmənlərimiz üçün isə göz dağıdır” – FOTO

Baxış sayı: 963 dəfə baxılıb.

Vaqif Kərimov: “Bu, ilk növbədə, doğma Azərbaycanımız üçün qürur,
düşmənlərimiz üçün isə göz dağıdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmyerlimiz Vaqif Kərimov karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı
şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya
Təbiət Elmləri Akademiyasının (RTEA) akademiki, Rusiya Federasiyasının əməkdar
geoloqudur.

Həmsöhbətimiz noyabrın 15-də “Neft-qaz sənayesinin formalaşması və inkişafı –
Rusiya və azərbaycanlı alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq
elmi konfransda iştirak edəcək.

Media.Az

onunla qarşıdan gələn konfrans, ölkəmizin texnoloji suverenliyi, Azərbaycanın
neft-qaz ehtiyatları və digər məsələlər barədə danışıb.

– Vaqif müəllim, siz beynəlxalq elmi konfransda iştirak edəcəksiniz. Bu
tədbirin təşkilatçısı kimdir və konfrans nəyə həsr olunub?

– “Neft və qaz sənayesinin formalaşması və inkişafı – Rusiya və azərbaycanlı
alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq konfrans neft-qaz
sənayesinin texnoloji inkişafına həsr edilib və Serqo Orconikidze adına Rusiya
Dövlət Geoloji Kəşfiyyat Universitetinin, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin Neft və Qaz İnstitutunun, Rusiya Elmlər Akademiyasının Neft və Qaz
Problemləri İnstitutunun və “Moskva Azərbaycanlılarının Milli-Mədəni
Muxtariyyəti” regional ictimai təşkilatının təşəbbüsü ilə təşkil edilib. Bu gün
texnoloji suverenlik məsələsi həmişəkindən daha çox aktualdır və dövlətin rifah
və rəqabət qabiliyyətini təmin etmək üçün kritik hesab edilən əsas
texnologiyalara malik olmaq qabiliyyəti deməkdir.

Azərbaycanın texnoloji suverenliyinin əsas təşəbbüskarı Azərbaycanın neft
strategiyasını müəyyən edən ümummilli lider Heydər Əliyev olmuşdur. Bu təşəbbüs
müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə
çevirmək məqsədi ilə gələcək siyasi və iqtisadi islahatların köklü
transformasiyası üçün əsas oldu. Bu strategiya Azərbaycanın neft yataqlarının
işlənməsinə xarici investorların və texnologiyaların cəlb edilməsini, xam
neftin nəqli marşrutlarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli
idarə olunmasını və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin
edib.

“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın neft-qaz sənayesində əsl
texnoloji sıçrayış oldu. Xəzərin statusu məsələsinin həllində sabiq Prezident
Heydər Əliyevin mövqeyi və nüfuzu qiymətəgəlməz rol oynadı. Hazırda
Azərbaycanın texnoloji suverenlik ideyaları Azərbaycan dövlətinin başçısıİlham
Əliyev tərəfindən çox uğurla həyata keçirilir.

Məlumdur ki, Azərbaycanın geologiyasının, karbohidrogen ehtiyatlarının geniş
şəkildə öyrənilməsində, Abşeron və Xəzər neftinin emalında rusiyalı alim və
geoloqların, neft mühəndislərinin – D.Qolubyatnikovun, D.Mendeleevin,
A.Butlerovun, F.Beylşteynin, K.Rayxenbaxın, K.Şorlemmeranın, K.Enqlerin,
V.Markovnikovun, V.Oqloblinin, A.Nikiforovun, V.Şuxovun, S.Kvitkonun,
V.Bartonun, L.Qurviçin və başqalarının parlaq tədqiqatlarının böyük rolu
olmuşdur. 19-cu əsrin sonlarında rus alim və mühəndisləri qazma sahələrindən
istifadə edərək dənizin dayaz yerlərindən neft çıxarmaq üçün layihələndirmə
işləri aparıblar. Xəzər dənizinin Qum adasında kəşfiyyat işləri apardıqdan
sonra V. Zqleniskiy “Neft biznesi” jurnalında məqalə dərc etdirərək Bakının
neft yataqları ilə zəngin ərazilərini göstərmişdir: Suraxanı, Qala, Bozdağ,
Lökbatan, Qum, Şıx, Qaraçuxur və sair. V. Zqleniskiy əlavə edirdi ki, zəngin
neft yataqlarının mövcudluğuna dair əlamətlər həmçinin Xəzər dənizinin
adalarında və dibində mövcuddur.

– Məlum olduğu kimi, Bakının neft mədənləri yeni elmi və mühəndislik
kəşflərinin tətbiqi mərkəzinə çevrildi.

– 1846-cı ildə dünyada ilk dəfə olaraq, Pensilvaniyadan (ABŞ) 10-11 il əvvəl,
N.İ.Voskoboynikovun təşəbbüsü ilə Bibi-Heybətdə neft quyusu qazılmağa başladı.
Belə ki, iyulun 14-də dünyada ilk dəfə olaraq zərbə-ştanq üsulu ilə (dərinliyi
21 metrə qədər) ilk neft quyusu qazılıb. Bu, Rusiya neft sənayesinin başlanğıcı
hesab olunur. 1875-ci ildə Nobel ailəsi geniş Balaxanı yataqlarını satın aldı
və öz neft emalı zavodunu tikdi. 1877-ci ildə Rusiyada “Zoroastr” (“Zərdüşt”)
adını daşıyan ilk neft tankeri suya buraxıldı. Məşhur kimyaçı, kimyəvi
elementlərin dövri cədvəlinin yaradıcısı. D.Mendeleyev isə Bakıdan Batumiyə
“kerosin kəməri” çəkməyi təklif etdi. Öz növbəsində V.Şuxov neft məhsullarını
isitmə yolu ilə vurulması üsulunun ilk ixtiraçısı oldu və bununla da amerikalı
mütəxəssisləri xeyli qabaqladı. Azərbaycanda neft-qaz sənayesi inkişaf etdikcə
Rusiyanın və SSRİ-nin texnoloji inkişafına, o cümlədən neft-qaz sənayesinə
böyük töhfə vermiş görkəmli dövlət xadimləri, tanınmış alimlər yetişdi.

Bakıdan SSRİ-nin tanınmış ictimai-siyasi xadimi – SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev kimi böyük dövlət xadim,
həmçinin SSRİ Dövlət Plan Komitəsinin sədri N.K.Baybakov, SSRİ sənaye
rəhbərləri, general-polkovnik, Xalq Silah Komissarı (1939-1941), Xalq Sursat
Komissarı (1941-1946) B.L.Vannikov, neft sənayesi naziri V.D.Şaşin, qaz
sənayesi naziri S.A. Orucev, SSRİ geologiya nazirinin birinci müavini
F.K.Salmanov, su təsərrüfatı naziri P.A.Poladzadə , dünyanın ən böyük neft
şirkətlərindən biri olan “LUKOIL” rəhbəri V. Y. Ələkbərov kimi şəxslər çıxdılar.

Həmçinin Azərbaycandan rus və dünya elminə böyük töhfələr vermiş Lütfi Zadə,
L.Landau, Y.Məmmədəliyev, M.Əliyev, E.Tağıyev, A.Mirzəcanzadə kimi görkəmli
alimlər çıxdılar.

– İyulun 5-də siz Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif
olundunuz. Bu mükafat sizin üçün nə deməkdir? Hansı uğurunuzu ən vacib hesab
edirsiniz?

– Özünüz haqqında danışmaq korrekt olmazdı. Siz məndən əsas nailiyyətimi
soruşursunuz… Yəqin ki, bu, mənim üçün son dərəcə vacib bir iş olan –
geologiya, neft-qaz sənayesi üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlamağımdır. Qeyd edim ki, 45 elmlər namizədi hazırlamışam, 400-dən çox
elmi əsərin, o cümlədən 35 monoqrafiyanın və dərsliyin müəllifi və
həmmüəllifiyəm. Xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərin hər dəfə
mükafat alması, ilk növbədə, doğma Azərbaycanımız üçün qürur yerinə çevrilir,
düşmənlərimizin isə paxıllığına səbəb olur.

– Gəlin bütövlükdə neft-qaz sənayesindən danışaq. Son zamanlar neft və qazın
tezliklə tükənəcəyi ilə bağlı daha çox danışılır. Bu doğrudurmu və hansı
alternativ resurslar var?

– Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri də neft-qaz
sənayesidir. Milli istehsalın tempi, miqyası və iqtisadi göstəriciləri, ölkənin
elmi-texniki inkişaf səviyyəsi, dövlətin büdcə gəlirlərinin əhəmiyyətli hissəsi
onun inkişafından asılıdır.

Azərbaycan dünya bazarında karbohidrogenlərin ən böyük istehsalçılarından və
tədarükçülərindən biridir. Ölkəmizin neft-qaz sənayesinin qlobal enerji
sistemində mövqeyinin möhkəmləndirilməsi yeni texnologiya və avadanlıqların
tətbiqi, bu kompleksin müəssisələrinin fəaliyyətinin bütün aspektlərinə təsir
göstərir. “Neft tükənəcəkmi” sualına gəlincə. Mən bu fikirlə razılaşmazdım:
aparılan araşdırmalar göstərir ki, Azərbaycanda neft yaxın 40-50 il ərzində,
qaz isə 100 ildən sonra da tükənməyəcək. Bu, ilk növbədə, karbohidrogen
ehtiyatlarının işlənilməsinin yeni istiqamətlərinin kəşfi və neft və qaz
yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi üçün müasir innovativ
texnologiyaların tətbiqi ilə bağlıdır. Mövcud problemlərin təhlili Azərbaycanın
neft-qaz sənayesinin texnoloji inkişafının əsas istiqamətlərini müəyyən etməyə
imkan verir ki, bu istiqamətlər ilk növbədə neft və qaz hasilatının xammal
bazasının inkişaf etdirilməsi problemlərinin həllinə əsaslanır. Kontinental
ərazilərə tətbiq olunduqda, onlar intensiv neft və qaz hasilatının uzun tarixi
ilə xarakterizə olunur.

Bununla əlaqədar olaraq, aşağıdakı problemlər vurğulanır:

1. İşlənən yataqların çox yüksək, bəzi yerlərdə tükənmə həddində olan
istismarı, onların strukturlarının pisləşməsi və çox zaman qalıq ehtiyatların
böyük hissəsinin aşağı həcm-filtrasiya xüsusiyyətli laylara məxsus olması
səbəbindən çətin filizçıxarma kateqoriyaya keçməsi; işlənən yataqların sululuq
həddinin yüksək səviyyədə olması (88%-dək).

2. Regionun ilkin ümumi karbohidrogen ehtiyatları üçün sənaye baxımından ən
böyük potensiala malik olan ərazilərdə ehtiyatların yüksək orta səviyyədə
kəşfiyyatı. Bu hal uzun müddət xammal istehsalının maksimum həcmini təmin edən
ənənəvi neft və qaz hasilatının (məhsuldar təbəqələrinin) stratiqrafik
intervalında ehtiyatların tükənməsi və ehtiyatların bölüşdürülməsində təbii
geoloji məhdudiyyətlərlə birləşərək, yeni böyük və unikal karbohidrogen
yığımlarının aşkarlanması ehtimalına arxalanmağa imkan vermir.

Vəziyyətin yaxşılaşmasına çox dərin sahələrdə (7-12 km) karbohidrat
mənbələrinin axtarışı, perspektivli litoloji formasiya komlekslərinin və
onlarla əlaqəli olan çökmə və kombinəolunmuş tələlərin müəyyən edilməsi,
həmçinin ümumregional şəkildə izlənilməsi (burğu materiallarında istifadə ilə)
üçün vacib olan regional axtarış miqyasında seysmik durumun öyrənilməsinin
aktuallaşmasının böyük köməyi ola bilər.

3. Ənənəvi neft-qazçıxarmanın stratiqrafik intervalından aşağıda yerləşən
regional və lokal obyektlərin kifayət qədər öyrənilməməsi. Bu obyektlərin
müasir kəşfiyyat üsul və texnologiyaları əsasında tam öyrənilməsi və
potensialının dəqiqləşdirilməsi, ərazinin neft-qaz perspektivinin proqnozunun
modelləşdirilməsi Azərbaycanın neft-qazçıxarmada xammal bazasının
genişlənməsinə imkan yarada bilərdi.

4. Ərazilərdə bir tərəfdən neft-qaz hasilatı komplekslərinin, digər tərəfdən
isə bu gün təkcə regional deyil, həm də ümummilli əhəmiyyətə malik kənd
təsərrüfatı və rekreasiya (kurort-sağlamlıq) komplekslərinin inkişafı arasında
tarazlığın yaradılması zərurəti ilə bağlı ekoloji problemlərin olması.

İstismar olunan yataqların ehtiyatlarının orta işlənməsi və rayonun dəniz
ərazilərində karbohidrogen ehtiyatlarının kəşfiyyatı quruda olan yataqlardan
fərqli olaraq, əksinə, aşağı səviyyədədir. Bu, burada müxtəlif həcmli (kiçikdən
unikala qədər) yeni dəniz yataqlarının aşkar edilməsi perspektivini müəyyən
edir ki, bunu Xəzər dənizində son kəşflər də təsdiqləyir. Lakin burada da
perspektivli obyektlərin seçilməsi və səmərəli axtarış-kəşfiyyat modellərinin
qurulması ilə bağlı bir sıra problemlər mövcuddur.

Xəzər dənizində əsas problem potensialı az olan tələlərin (nəzəri cəhətdən
neft və qaz yığılmasının əmələ gəlməsinin mümkün olduğu təbii rezervuarın bir
hissəsi – red) üstünlük təşkil etməsi və inkişaf üçün sərfəli olan rentabelli
həcmdə xammal ehtiyatlarını saxlaya bilən məhdud sayda tələlər, eləcə də iri
tələlərin rezervuarlarının strukturunun həm daxili tektonikası, həm də litoloji
tərkibi ilə bağlı mürəkkəbliyidir. Əsas problem çöküntülərin strukturu və
tərkibi haqqında kifayət qədər məlumatın olmamasıdır.

Müəyyən problem həmçinin flüidin tərkibi və onun xarakteristikasının proqnozu
ilə bağlıdır. Məlum sayda “quru” quyularının olması akvatoriyanın müəyyən
ərazilərində geoloji kəşfiyyat işləri apararkən həm regional, həm də yerli
miqyaslı ümumi geoloji və neft-qaz geoloji modellərindən kifayət qədər düzgün
istifadə olunmadığını göstərir və nəticə etibarilə, məqsədyönlü seysmik
tədqiqatların, xüsusi tematik və elmi tədqiqatların, o cümlədən hövzənin
çoxmiqyaslı 3D modelləşdirilməsinin aparılmasının zəruriliyindən xəbər verir.

Bu gün Azərbaycanın neft-qaz sənayesi yeni texnoloji mərhələnin (altıncı
texnoloji mərhələ) astanasında dayanıb ki, bu mərhələdə qeyd edilən sənayenin
inkişafı aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

– İstehsalın intensifikasiyası və qabaqcıl həll yollarının tətbiqi. Qabaqcıl
həll texnologiyalarının üstünlüyü ondan ibarətdir ki, onlar həm standart, həm
də qeyri-standart məsələlərin həllində yüksək məhsuldarlıq təmin edir. Standart
seysmik interpretasiya texnologiyaları öz texnoloji hədlərinə çatıb və hazırda
tələb olunan effektivlik səviyyəsini qarşılaya bilmir. Layihənin idarə
edilməsinin optimallaşdırılması və qərarların vaxtında qəbul edilməsi məqsədilə
neft şirkətləri kameral işlər üçün qoyulan tarixləri ikiqat azaltmalıdırlar.
Eyni zamanda əldə edilən geoloji modellərin keyfiyyətinin eyni vaxtda artması
ehtimal edilir;

– Süni intellekt (AI) texnologiyalarının tətbiqi. Yüksək səviyyədə
avtomatlaşdırma, insansız mədən kompleksləri, texnoloji, enerji, nəqliyyat və
istehsal prosesləri üçün intellektual idarəetmə sistemləri ilə xarakterizə
olunan neft və qaz yataqlarının yüksək rentabelli işlənməsi üçün “ağıllı
neft-qaz kompleksləri”nin yaradılması (“ağıllı yataq”, “ağıllı quyu”, “ağıllı
nəqliyyat və enerji şəbəkələri” və s.).

“Ağıllı yataq” (Smart Field) proqram və texniki vasitələr kompleksidir ki, bu
da karbohidrogen hasilatını artırmaq üçün neft layını idarə etməyə imkan verir.

– İstehsalın rəqəmsal modernləşdirilməsi neft-qaz biznesinin
intellektuallaşdırma, superkompüterləşdirmə, optikləşdirmə və robotlaşdırma
yolu ilə transformasiyası prosesidir ki, bu da neft-qaz biznesində və hasilat
modellərində kütləvi və genişmiqyaslı dəyişikliyə gətirib çıxaracaq, onlardan
ən yaxşısı bütün neft və qaz ekosisteminə ötürüləcək.

İnformasiya texnologiyalarının tətbiqi avtomatlaşdırmaya (su, neft və qazda
quyuların debitinin ölçülməsi) yönəlmiş yataqların işlənməsi texnologiyalarının
(smart texnologiyalar) işlənib hazırlanması, diaqnostika, real vaxt rejimində
müxtəlif sistemlərin idarə edilməsi və tətbiqi yolu ilə neft və qaz hasilatı
xərclərinin minimum səviyyəsinə endirilməsindən ibarətdir.

Geoloji kəşfiyyat prosesinə, neft və qaz yataqlarının işlənməsi və istismarına
informasiya texnologiyalarının tətbiqi böyük bir problem kompleksinin həllini
tələb edir: nəhəng məlumatların şərhi və mühafizəsi, onların əsasında idarəetmə
qərarlarının qəbulu və onların icrasına nəzarət. “Big Data” istiqamətinin əsas
rolunu xüsusi qeyd etmək lazımdır;

– Aşağı karbonlu enerjiyə keçid – qeyri-ənənəvi və bərpa olunan enerji
mənbələrindən istifadə. Dünyada qeyri-ənənəvi və bərpa olunan enerji
mənbələrinin potensialı çox böyükdür və milyardlarla ton standart yanacağa
bərabərdir. Əhəmiyyətli bir istiqamət hidrogen enerjisinə keçiddir. “Hidrogen
iqtisadiyyatı/hidrogen sivilizasiyasına” nail olmağın açarı onun istehsalı üçün
ucuz, ekoloji cəhətdən məqbul və məqsədəuyğun üsulların mövcudluğu olacaqdır.

Bizim arayış: Kərimov Vaqif Yunus oğlu 5 iyul 1949-cu ildə Bakıda anadan olub.
1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini
“dağ mühəndisi-geoloq” ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov
“Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının
kəşfiyyatı” mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin
adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda “Stratiqrafik, litoloji və
kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi
nümunələri, axtarış metodikası və kəşfiyyatı” mövzusunda doktorluq
dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya
Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin
universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı
kafedrasının müdiridir.

Source link