Vaqif Xaçatryanın apellyasiya şikayəti təmin edilməyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan
hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun
sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı
dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il
müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada,
qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan,
həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət
yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı
(keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı
əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri
nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı
Milli Mərkəzi Bürosuna göndərilib.