ab351095-c994-42d8-9267-16bf810bae1a..jpg

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmənin növbəti iclasının vaxtı açıqlanıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 883 dəfə baxılıb.

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmənin növbəti iclasının vaxtı
açıqlanıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
cinayət işi üzrə məhkəmə iclası bu günlük işini yekunlaşdırıb.

Cixisyolu.com bildirir ki, növbəti məhkəmə iclası noyabrın 7-nə təyin edilib.

İclasda dövlət ittihamçıları Müqəddəs Sultanov və Cövdət Mehralıyev çıxış
edəcəklər.

11:41

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Cixisyolu.com bildirir ki, bu barədə məhkəmədə qərar elan olunub.

11:23

Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı Vaqif Xaçatryana aid
olduğu iddia edilən foto ilə bağlı təhqiqat aparılıb.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə məhkəmə sədri Zeynal Ağayev bildirib.

“Araşdırmalarla və ekspertiza rəyi ilə müəyyən edilib ki, həmin fotodakı Vaqif
Xaçatryandır”, – deyə Zeynal Ağayev əlavə edib.

Həmçinin, bu gün məhkəmə iclasında Vaqif Xaçatryanın xəstəlikləri açıqlanıb.

Bildirilib ki, ekspertiza rəyinə əsasən, Xaçatryanda ciddi aortal stenoz
(qapaq darlığı), ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, xroniki
ürək çatışmazlığı (ikinci dərəcə), hipertoniya II mərhələ, prediabet, qlükozaya
qarşı tolerantlığın pozulması diaqnozlu xəstəliklər müəyyən edilib.

Tibbi ekspertizanın nəticələrinə əsasən, Xaçatryanda hazırda mövcud olan ciddi
aortal stenoz (qapaq darlığı) xəstəliyi iki-üç il ərzində ciddi ağırlaşmaya
səbəb ola bilər. Onun planlı qaydada iki-altı ay ərzində aortal qapağın
protezləşdirilməsi cərrahi əməliyyatına ehtiyacı var.

11:01

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində hakim Zeynal Ağayev
2007-ci il üzrə aparılan ekspertiza rəylərini açıqlayıb.

Cixisyolu.com-ın məlumatına əsasən, həmin rəylərin nəticələrində Meşəli hadisələrində
azərbaycanlıların odlu silahlardan açılan atəş nəticəsində öldürüldükləri
təsdiqlənib.

Bildirilib ki, Meşəli hadisələrində yaralananların ekspertizası aparılıb.
Həmin rəylərin nəticələrinə əsasən, həmin şəxslər 1991-ci il dekabrın 23-də
yaralanıblar.

10:41

Birinci Qarabağ müharibəsinin qazisi Azay Kərimov Vaqif Xaçatryanın cinayət
işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Cixisyolu.com-ın məlumatına görə, Azay Kərimov bildirib ki, Vaqif Xaçatryanı şəxsən
tanıyır.

Azay Kərimov deyib ki, Qarabağ münaqişəsi başlayanda sonradan Ermənistanın
ikinci prezidenti olmuş Robert Koçaryanın iki dəstəsi var idi.

“Qruplardan biri ermənilər yaşayan kəndlərə girirdi. Kim ki silahlı münaqişəyə
qoşulmaq istəmirdi, onların başlarına oyun açırdılar. İkinci qrup isə erməni
silahlılarına nəzarət edirdi. Onlar dəstədən qaçanları öldürürdülər. Vaqif
Xaçatryan haqqında da məlumatımız var idi. Vaqif Xaçatryan milli münaqişəni
qızışdıranlardan biri idi. Mən o zaman polis idim. Vaqif Xaçatryanı əməllərinə
görə tutmuşduq. Onu dindirdik. Özü də indi etiraf edir ki, həmin dindirilmə
zamanı işgəncəyə məruz qalmayıb. Sonra Vaqif buraxıldı”, – deyə Azay Kərimov
bildirib.

Azay Kərimov bildirib ki, Vaqif Xaçatryan həbsdə olarkən damarını dişləmişdi.

“O zaman Vaqif öz hökmünü özü vermişdi”, – deyə Azay Kərimov bildirib.

10:20

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi
üzrə növbəti məhkəmə iclası başlayıb.

Cixisyolu.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati
binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə
araşdırılır.

08:50

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət
işi üzrə növbəti məhkəmə keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati
binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə
araşdırılır.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan,
həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət
yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı
(keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı
əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri
nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb, iki nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un
Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə
cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı
məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini
bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.

Daha çox foto burada: PhotoStock.az

Source link