Vaqif Xaçatryanın növbəti məhkəmə iclasının vaxtı açıqlandı – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə
prosesində bir neçə saatlıq fasilə verilib.
Cixisyolu.com-ın məlumatına görə, həmçinin növbəti məhkəmə iclasının vaxtı da
açıqlanıb. İclas oktyabrın 24-də keçiriləcək.
11:23
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Şamil
Kazımov ifadə verib.
O, Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib.
“Vaqif Xaçatryan özü bizim evimizdə olub. Mənim atamla qardaşımı da Vaqif
vurmuşdu. Mən bunların hamısını yaxşı tanıyıram”, – deyə o əlavə edib.
10:41
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə
prosesi davam etdirilir.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə prosesində zərərçəkmiş Fazil Hacıyev
ifadə verib.
O bildirib ki, Vaqif Xaçatryanın törətdiyi cinayətlərin şahidi olub.
“Şəxsən Vaqifin iştirakı ilə beş nəfər diri-diri yandırıldı”, – deyə o əlavə
edib.
10:25
Azərbaycanlılara qarşı Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham
olunan Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmişlərin və
zərərçəkmişlərin varislərinin ifadələri dinlənilir.
Cixisyolu.com-ın məlumatına əsasən, Bəsti Behbud qızı Behbudova zərərçəkmişin
nümayəndəsi kimi danışıb.
O bildirib ki, Vaqif Xaçatryanın adını böyüklərdən, Meşəli kəndinin
sakinlərindən eşidib.
“Meşəli kəndində məlum hadisələr baş verəndə mən uşaq idim. Amma erməni
silahlılarının törətdikləri cinayətlərdən əziyyət çəkmişəm. Tələb edirəm ki,
Vaqif Xaçatryana ən ağır cəza verilsin”, – deyə o əlavə edib.
10:11
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin
inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə
keçirilir.
09:10
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin
inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə
keçiriləcək.
İş üzrə dövlət ittihamını baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət
ədliyyə müşaviri Müqəddəs Sultanov müdafiə edəcək.
Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Radmila Abılova müdafiə
edəcək.
Qeyd edək ki, məhkəmə prosesində hazırlıq iclası oktyabrın 13-də, ikinci iclas
isə oktyabrın 17-də keçirilib, zərərçəkmişlər dindiriliblər.
Ümumilikdə iş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti
ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.
Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini
deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham
elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib.
Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması
üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri
ilə 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan
milliyyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada
iştirakda ittiham olunur.
Daha çox şəkil burada: PhotoStock.az
Aqşin Kərimov