Vasif Talıbovun olduğu iddia edilən şirkətin işi məhkəməyə göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov
sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini
itirməyə başlayıb.
“Qaynarinfo” xəbər verir ki, “Gəmiqaya Holding”, “Cahan Holding” və
“Naxçıvanbank” ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun
olduğu iddia edilən daşıma şirkəti ilə bağlı problem yaranıb.
Söhbət “Bahar Karqo” MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin
də Vasif Talıbova məxsus olduğu iddia edilir.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının
ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla
göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində
baxılır.
Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın
9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır.
445.2-ci maddədə 1100 manatdan 1650 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
“Bahar Karqo” MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10
AZN-dir. Şirkətin qanuni təmsilçisi Elgün Elçin oğlu Qəhrəmanovdur.
Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin
sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir. Onun digər oğlu Hümbət
Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır.
Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov “Bahar Karqo”
MMC-nin idarəçilərindən olub.
Bu arada xatırladaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır.
Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir.