Vasili Koltaşov: “Ermənistan rəhbərliyi ABŞ-nin marionetləridir” – RF-dən
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms
O’Brayenin Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən nəqliyyat dəhlizi ilə
bağlı bu yaxınlarda verdiyi bəyanat ekspert icmasının bir hissəsinin təəccüb və
çaşqınlığına səbəb olub. Xatırladaq ki, ABŞ-li rəsminin fikrincə, istənilən
dəhliz yalnız Ermənistanın razılığı ilə yaradılmalıdır. Ceyms O’Brayen daha
sonra bəyan edib ki, başqa şəkildə, güc yolu ilə və ya İranın iştirakı ilə
qurulan nəqliyyat dəhlizi qətiyyətli cavabla qarşılanacaq.
Rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov Cixisyolu.com
-a müsahibəsində Ceyms O’Brayenin sözlərini qəribə saymadığını qeyd edib:
– ABŞ Ermənistanın əhəmiyyətli regional amil kimi qalmasını istəyir. ABŞ
Ermənistan Respublikasında ondan ötrü çevriliş edib, Nikol Paşinyanı da baş
nazir təyin etmədi ki, Azərbaycan öz problemlərini, məsələn, Naxçıvana dəhliz
çəkməyi həll etsin. Bundan başqa, Azərbaycan Ermənistanla sərt davranarsa,
ABŞ-lilər hesab edəcəklər ki, bu, düzgün deyil.
ABŞ Azərbaycanın, onsuz da, Rusiya və Azərbaycana qarşı olan Ermənistanı
parça-parça “yeyəcəyindən” ehtiyat edir. İrəvan, Vaşinqtonun planlarına uyğun
olaraq, Bakını daim gərgin vəziyyətdə saxlamalıdır. ABŞ Azərbaycana etibar
etmir, çünki sizin ölkəniz marionet deyil. Azərbaycan Respublikasının ölkənin
siyasətini müəyyən edən müstəqil administrasiyası var. Bakı İranla da razılığa
gələ bilər, lakin bu, Vaşinqtonun xoşuna gəlmir.
Rusiya Ermənistandan çıxarıldıqdan sonra ABŞ İrəvanı yenidən silahlandırmaq və
İrəvana ümumi diplomatik dəstək vermək qərarına gəlib. Nəticədə Ermənistan
artıq “anti-Azərbaycan” olduğu halda, həm də “anti-Rusiya”ya çevriləcək.
– ABŞ-nin bəyanatlarından belə çıxır ki, onun üçün Ermənistanın təhlükəsizliyi
vacibdir. Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəmir, Azərbaycan İrandan
keçməklə Naxçıvana marşrut xətti çəkir ki, bu da Tehranı sevindirir. Bu,
Ermənistanın təhlükəsizliyinə necə mane ola bilər? Bəs ABŞ Zəngəzur dəhlizinin
İran marşrutunun qarşısını almağa qadirdirmi?
– Cənubi Qafqazda müharibəyə ehtiyacı olmayan İrandan başlayacağam. Amma ABŞ
burada gərginlik yaratmaq istəyir, özü də İran, Rusiya və Azərbaycan üçün.
Qərbin niyyəti Xəzər neftinə tam nəzarəti əldə etməkdir. Qərb Azərbaycanın öz
resurslarını idarə etmək imkanına malik olmasını bir növ ədalətsizlik kimi
qəbul edir.
ABŞ-lilər yenə də Nikol Paşinyanın olduğu Ermənistanı seçdilər. O, sadəcə, bir
klerkdir, siyasətçi deyil, lider deyil, mütəfəkkir və təşkilatçı deyil. ABŞ-nin
bu cür katibələri, Qərbin fikrincə, bütün ölkələrdə oturub, həmin o Qərbə
resurs verməlidirlər.
İrandan keçən marşrut üzrə işlərə gəlincə, mənə elə gəlir ki, ABŞ-lilər bu
layihənin həyata keçirilməsinin qarşısını almaq üçün heç nə edə bilməyəcəklər.
Düşünürəm ki, sonda müvəqqəti də olsa, bunu sakitliklə qəbul edəcəklər.
İrəvanla Bakı arasında yeni hərbi toqquşma təhlükəsi Azərbaycanın döyüşə hazır
olduğu, Ermənistanın isə heç də hazır olmadığı və Qərbin indi İrəvana kömək edə
bilmədiyi şəraitdə aradan qalxır. Məhz buna görə də Paşinyan faktiki olaraq
Azərbaycanın, o cümlədən Qarabağın və digər ərazilərin (əvvəllər Ermənistanın
işğalı altında olub – red.) ərazi bütövlüyünü tanıyıb. Bu, gərginliyi aradan
qaldırmaq və münaqişə üçün əsasları aradan qaldırmaq üçün edilib.
– Amma yenə də ABŞ İrandan keçən nəqliyyat dəhlizinin əleyhinədir. Vaşinqton
faktiki olaraq, Bakı ilə Tehran arasında əməkdaşlığa qarşı idi. Lakin
Ermənistan üçün belə əməkdaşlıq qadağan olunmur, çünki İrəvan uzun müddətdir
ki, bütün səviyyələrdə İranla sıx əməkdaşlıq edir. Bunlar Qərbin ikili
standartları, ikili düşüncəsidir?
– Ermənistan rəhbərliyi ABŞ-nin marionetləridir. Ermənistan İranla əməkdaşlığı
ilə ancaq İranı zəhərləyə bilər. Paşinyan Avrasiya İqtisadi İttifaqı ilə necə
əməkdaşlıq edib, Müstəqil Dövlətlər Birliyində və ya Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında özünü necə aparır? Çox gəzdi, alnını qırışdırdı,
qaşlarını oynatdı. Nəticə nə oldu? Nikol Paşinyan, sadəcə olaraq, bu prosesdə
formal olaraq iştirak edib.
Odur ki, İran Ermənistandan heç nə gözləməməlidir. O erməni xalqıdır ki, hələ
də İrandan nəsə umur. Lakin Tehranda Ermənistan rəhbərliyinə inanmırlar, onlar
artıq başa düşürlər ki, İrəvana etibar etmək olmaz. Sahibi (ABŞ) sizin qatı
düşməniniz olan klerk Paşinyanla sövdələşmək mümkün deyil. İran ümumiyyətlə
Ermənistana arxalana bilməz.
– Çoxları əmin idilər ki, Qərb Ermənistanı Fransaya töycü kimi verib. Amma
birdən Parisin yanında ikinci bir darğa – Vaşinqton – peyda oldu.
– Paris hərbi-siyasi işlərdə sifarişi yerinə yetirən və faizini alan ABŞ
podratçısıdır. Fransa, ABŞ-nin güc sistemində hər şeyini itirmiş Almaniyadan
fərqləndirən bir qədər “muxtariyyəti” olmasına baxmayaraq, müstəqil oyunçu
deyil.
ABŞ-nin Azərbaycana qarşı bəyanatlarının sərt olması onu göstərir ki, bu
biznesin (Cənubi Qafqazda – red.) sahibi ABŞ-lilərdir. ABŞ Azərbaycana qarşı
dost mövqedə deyil. Səbəblərdən əvvəl danışdım – söhbət sizin ölkənizin resurs
potensialından gedir. Azərbaycan Respublikası Vaşinqtonun nöqteyi-nəzərindən
düzgün qurulmayıb, çünki Azərbaycan mərkəzlidir və Qərbə yönəlməyib.
Nair Əliyev