9b11cf16-6154-4f45-b30f-ab59856a90d8..jpg

Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır – ŞƏRH + FOTO

Baxış sayı: 643 dəfə baxılıb.

Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər dünya mətbuatında İranın Çabahar limanı ilə bağlı xəbərlərin və
rəylərin sayında ciddi artım müşahidə edilir. İranın yeganə okean limanı olan
Çabahar Hind okeanı və beynəlxalq sulara Müstəqil Dövlətlər Birliyi (MDB)
ölkələrinin çıxışı üçün ən qısa tranzit marşrutu sayılır. Hindistan hökuməti
isə 13 may tarixində rəsmi Tehranla sözügedən limanın icarəyə verilməsi barədə
sənəd imzalayıb. Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Srabanad
Sonovalla İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən
imzalanan müqavilə limanın idarəedilməsi ilə bağlıdır və razılaşma 10 il sonra
yenilənəcək. Limanın idarəçiliyi Hindistanda qalacaq. Bununla da Hindistan
hökuməti Rusiya, Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya ilə ticarət əlaqələrini
genişləndirmək, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağı
planlaşdırır. Sənədə əsasən, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran
ərazisindən keçərək limana, oradan da Mumbaya çatdırılacaq. Eyni zamanda, əks
istiqamətə də yüklərin daşınması planlaşdırılır.

Məsələnin digər tərəfi isə Ermənistanla bağlıdır. Məlumdur ki, bir müddətdir,
Hindistanla rəsmi İrəvan arasında hərbi sahədə əməkdaşlıq davam edir. Rəsmi
Delhi Cənubi Qafqaza silah alverçisi kimi daxil olmaq üçün erməni dövlətindən
istifadə edir və müqavilələrin icrası da məhz bu liman vasitəsilə həyata
keçirilir. Azərbaycan tərəfi haqlı olaraq bu məsələyə etirazını bildirib. Hətta
bir ara xarici mətbuatda yayılan xəbərlərə görə, Rusiya da Hindistandan
Ermənistana daşınan silahlarla bağlı İran hökumətinə xəbərdarlıq edib və bu işi
dayandırmağı tələb edib.

Eyni zamanda, erməni siyasi elitası ümid edir ki, bu layihə vasitəsilə
yüklərin Avropaya və MDB ölkələrinə daşınmasında xüsusi paya malik olacaq və
Avropa İqtisadi İttifaqı (Aİİ) üzvlüyü sayəsində piroqdan özünə pay götürəcək.
Elə bu səbəbdən də Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan bir
müddət əvvəl bəyan etmişdi ki, Delhi-İrəvan arasında İrandan keçən ticarət yolu
mayın sonuna qədər açılacaq. Təbii ki, söhbət Çabahar limanından gedirdi və
tərəflər məsələni razılaşdırmışdılar. Paşinyan hökuməti isə bu xəbəri böyük
iqtisadi uğur, çiçəklənməyə gedən yol kimi cəmiyyətə sırımağa da macal tapmışdı.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yuxarıda da qeyd
edildiyi kimi, İran və Hindistan arasında 13 may tarixində imzalanan
müqavilənin mürəkkəbi qurumamış, rəsmi Vaşinqton hərəkətə keçib. ABŞ Dövlət
Departamenti bəyan edib ki, Hindistan və İran arasında Çabahar limanı üçün 10
illik müqavilə imzalandığından xəbərdardırlar: “ABŞ-nin İrana qarşı
sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik. İranla
iş görməyi düşünən hər kəs məruz qaldığı potensial riskdən, eləcə də
sanksiyaların potensial riskindən xəbərdar olmalıdır”.

ABŞ Dövlət Departamenti xəbərdarlıq edib ki, İranın Çabahar şəhərindəki Şəhid
Beheşti limanını idarə etmək və təchiz etmək üçün tərəfdaşlıq sazişi bağlayan
Hindistan şirkəti sanksiyalarla üzləşmək riski ilə üzləşib.

Bu isə artıq 13 may tarixində imzalanan müqaviləni böyük sual altına qoyur.
Ehtimal etmək olar ki, Hindistan hökuməti ABŞ kimi dövlətin sanksiyalarına
məruz qalma riskini göz önünə ala bilməz. Hərçənd, artıq İran mətbuatı rəsmi
Delhinin və sözügedən şirkətin belə bir riski görməzdən gələcəyinə işarə edir.
Bununla belə, əgər hind şirkəti bu addımı atsa, sanksiya zəncirinin uzanacağını
və ABŞ-Hindistan münasibətlərinə xələl gətirəcəyini söyləmək mümkündür.
Göründüyü kimi, Ağ Ev limanın belə bir fəaliyyətini mümkünsüz etmək üçün bütün
yollara əl ata bilər.

Belə bir halın yaranması isə ilk növbədə Ermənistana zərbədir. Birincisi,
Hindistandan Çabahar limanı vasitəsilə hərbi yüklərin daşınma ehtimalı risk
altına düşür. Eyni zamanda, Avropaya və MDB ölkələrinə daşınan yüklərdən pay
uman erməni dövlətinin bu arzusu da puça çıxır.

Avropaya gəldikdə isə ehtimal etmək olar ki, Aİ gərginliyi azaltmağa və
ABŞ-nin sanksiya tədbirlərini pozmadan nəqliyyat dəhlizini qoruyub-saxlayacaq.
Kompromis həll yollarını axtararaq ABŞ ilə bu məsələni müzakirə etmək üçün
diplomatik səyləri də gücləndirə bilər. Amma başqa alternativ var və Qərb uzun
müddətdir, bu layihəyə daha çox maraq göstərir. Təbii ki, söhbət Azərbaycan
vasitəsilə yüklərin daşınmasından gedir. İranın daim sanksiyalar altında
olduğunu, hazırda İsrail və ABŞ ilə münasibətlərin gərginliyini də göz önündə
tutsaq, deməli, Hind okeanı və dolayı yolla Çindən Avropa və MDB məkanına
daşınan yüklər üçün ən potensial və uğurlu marşrut xətti Azərbaycanın Zəngəzur
dəhlizi layihəsidir fikrini tam əminliklə söyləmək mümkündür. Ermənistan
variantı isə ən uğursuz və potensialı olmayan marşrut xəttidir.

Bunun bir sıra səbəbləri var. Birincisi, erməni dövlətində infrastruktur
yenilənməli, yollar genişləndirilməli, dəmiryolu şəbəkəsi inşa edilməlidir.
Eyni zamanda, Ermənistanla İran arasında birbaşa dəmiryol əlaqəsi də yoxdur.
Avtomobil yolları isə çətin dağ relyeflərindən keçir və ilin bir çox aylarında
istifadə qeyri-mümkündür. Bu yol isə Lars keçid məntəqəsindən keçməklə, Avropa
və MDB məkanına çata bilsə də, Kremlin Paşinyan hökumətini cəzalandırmaq üçün
müntəzəm olaraq, bu yolu bağladığı da gün kimi aydındır. Belə bir ssenari isə
nə Qərb, nə də MDB ölkələri üçün məqbuldur. Yüklərin daşınmasını asanlaşdırmaq
və müddəti azaltmaq üçün nəzərdə tutulan yol Ermənistanda dalana dirənə bilər.

2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası
saziş əsasında təməli qoyulan Şimal-Cənub nəqliyyat dəhlizi anlaşmasına
Azərbaycan 2005-ci ildə qoşulub. Vurğulamaq lazımdır ki, dəhlizin ölkəmizdən
keçən hissəsi hazırdır. Coğrafi və geosiyasi mövqe ilə yanaşı, nəqliyyat
infrastrukturu Ermənistandan fərqli olaraq, bu layihənin əsas parçası olmağa
imkan yaradır. Bu səbəbdən də yüklərin Xəzər dənizindən keçərək, Ələt
limanı-Zəngəzur dəhlizi vasitəsilə Avropaya, Bakıdan dəmir yolu xətti ilə
Rusiyaya daşınması hazırda ideal variant kimi görünür.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sanksiya ilə bağlı bəyanatından
sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də açıqlama verib.
Onun sözlərinə görə, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin
qərarı ilə 2021-ci ildə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə
yaradılan üçtərəfli qrupun tam işini tez bir zamanda bərpa etməyi zəruri hesab
edir. Sonuncu dəfə qrup 2023-cü ilin yayında görüşüb və erməni tərəfinin işləri
ləngitməsi, gah nala, gah da mıxa vurması, İran və Hindistanla layihəyə
arxalanması səbəbindən hələ də Cənubi Qafqazın nəqliyyat infrastrukturu blokdan
çıxmayıb. Artıq Çabahar limanı versiyası Vaşinqtonun sanksiyalarına məruz
qalması səbəbindən rəsmi Moskva yenidən Zəngəzur dəhlizi məsələsinə işarə edir
və işləri sürətləndirməyi tələb edir.

Hadisələrin gedişatı isə göstərir ki, üçtərəfli qrup yaxın vaxtlarda yenidən
fəaliyyətə keçəcək və bu dəfə daha real nəticələrin əldə ediləcəyi qaçılmaz
görünür. Ermənistan siyasi elitasının isə son günlər Naxçıvanla dəmir yolu
əlaqəsinin bərpası, regionda infrastrukturun blokdan çıxarılmasına hazır
olmaları ilə bağlı bəyanatına da bu prizmadan yanaşmaq lazımdır. Rəsmi İrəvan
növbəti dəfə dərk edir ki, regionda heç bir beynəlxalq layihəni, xüsusən də
logistika sahəsində olan heç bir ideyanı Azərbaycanın iştirakı və icazəsi
olmadan həyata keçirmək mümkün deyil.

“Report” İnformasiya Agentliyi

Source link