Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib.
Bununla bağlı Ermənistanın “Qraparak” nəşri Ermənistan XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
Səfərin ləğv edilməsinə səbəb Ermənistanın Suriyaya xüsusi missiya göndərməsi olub.
“Mənbə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibinin müavini Con Boltonla danışığı bu məsələdə son nöqtə olub. Bolton Paşinyandan missiyanın göndərilib-göndərilməməsi ilə bağlı açıqlama verməsini istəyib. O isə öz növbəsində məlumatı təsdiqləyib. Bundan sonra Vaşinqton tərəfindən Yerevanın üzərində uzun müddətdir planlaşdırılması üçün iş apardığı görüş ləğv edilib. Ermənistan tərəfinin bütün cəhdləri də nəticəsiz qalıb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, Ermənistanın Vaşinqtondakı səfiri də bu məsələdə Yerevana yardım edə bilməyib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan müdafiə naziri David Tonoyan maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, erməni hərbçilər Suriyadakı hərbi əməliyyatlarda iştirak edə bilər.
Bundan bir gün sonra ABŞ-ın Yerevandakı səfirliyi ABŞ Dövlət departamentinin bəyanatını yayıb. Bəyanatda bildirilir ki, Vaşinqton Ermənistanın Suriyadakı humanitar missiyasını dəstəkləmir.