ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
ÇıxışYolu.Com AZƏRTAC-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.
Bildirilir ki, yenidən azadlığını qazanan Azərbaycan 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.
Mer Bouzer imzaladığı bəyannamədə dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.