Vaşinqtonda ermənilərin “qondarma soyqırımı” yalanlarına qarşı həmrəylik
aksiyası keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında ermənilərin 24 aprel “qondarma
soyqırımı” yalanlarına qarşı həmrəylik aksiyası keçirilib.
“Report” xəbər verir ki, “Erməni yalanlarına son” şüarı ilə keçirilən aksiya
Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunub.
TASC rəsmisi Məhəmməd Sami Görgülü “Report”a açıqlamasında bildirib ki,
aksiyanı keçirməkdə məqsəd erməni lobbisinin yalanlarını ifşa etməkdir:
“Ermənilərin “qondarma soyqırımı” iddialarını tanımaqla siyasi və iqtisadi
maraqlarını təmin etməyə çalışan bəzi dövlətlər bundan Türkiyəyə qarşı təzyiq
vasitəsi kimi istifadə edirlər. Beynəlxalq ictimaiyyət “soyqırımı” iddialarının
yalan olduğunu bilməlidir”.
Aksiyada Vaşinqtonda yaşayan türk və Azərbaycan icmasının fəalları iştirak
ediblər. Fəallar erməni yalanlarının ifşa olunduğu şüarlar səsləndiriblər.
Burada 1970-ci illərdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilən
onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib.
Təxminən iki saat davam edən aksiya insidentsiz başa çatıb.