333676f9-2ec8-4136-8676-5c65a2ef4d96.jpg

Vaşinqtonun Azərbaycana qarşı haqsız mövqeyi: İnsan hüquqları, yoxsa erməni kaprizləri?

Baxış sayı: 218 dəfə baxılıb.

ABŞ-nin və Qərbi Avropanın Cənubi Qafqaz bölgəsini hədəfləmiş yeni təzyiqlər
dalğasına start verilib. Tək Azərbaycana deyil, qonşu Gürcüstana qarşı da
tətbiq edilən hədə-qorxu, sanksiya cəhdlərinin arxasında geosiyasi
gözləntilərin dayandığı sirr deyil. Dünənə qədər Tbilisini bölgədəki əsas
müttəfiqi sayan Vaşinqton Gürcüstan hökumətinin müstəqil siyasətini həzm edə
bilmir. Çünki, bu müstəqillik Qərbin bölgəmizə və qonşularımıza münasibətdə
sərgilədiyi siyasətə nəinki ziddir, hətta bu kursun gələcək aqibətini qaranlıq
edir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

ABŞ senatorları özləri çalıb, özləri oynayırlar

Qərbin “insan haqları, vətəndaş azadlıqları və demokratiyanın tənəzzülü” kimi
bəhanələrinin maskalanmış geosiyasət olduğuna adət etmişik. 30 ildən çoxdur
bizə qarşı tətbiq edilən bu ədalətsizliyin müxtəlif simaları olsa da, mahiyyət
dəyişməz olaraq qalır. İndi menyuya “erməni əsirlərin dərhal azadlığa
buraxılması”, öz xoşları ilə Qarabağı tərk etmiş ermənilərin “Artsaxa
qayıtması” kimi yeni “tələblər” də daxil edilib. Vaşinqtona bu “tələblər”in
məntiqsizliyi və anlamsızlığını izah və sübut etməyə ehtiyac da yoxdur.
Birincisi, onlar öz mövqelərindən fərqli arqumentlər qarşısında acizdirlər və
bunları eşitmək istəmirlər. İkincisi isə bu, onlara lazım da deyil – proses
dialoq deyil, monoloq formatında davam edir. ABŞ-nin dövlət rəsmiləri,
konqresmen və senatorları özləri çalıb, özləri oynayırlar.

Vaşinqtonun Azərbaycana qarşı haqsız mövqeyinin arxasında hansı maraqların
dayandığını bilirik. 1992-ci ildən tətbiq edilməyə başlanan 907-ci düzəlişin
ABŞ-nin Əfqanıstan kampaniyası ərzində hər il birbaşa prezident tərəfindən
qüvvədən salınması gerçək niyyətin heç də “insan haqlarının vəziyyəti” ilə
bağlı olmadığını sübut edir. Bir də ki, axı niyə bütün dünya üzrə insan
haqlarının ölçülərini məhz ABŞ müəyyən etməlidir? Yaxud niyə bunu
Quantanamodakı həbsxanalarından başlamır?

Azərbaycan Prezidenti İlham Əliyev Qərbin bu riyakar siyasətini haqlı olaraq
nadanlıq adlandırır: “Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab
edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz
milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün
sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci
ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda
ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq
edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və
dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt
aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş
Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz
qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən
tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu,
həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

İnsan hüquqları, yoxsa erməni kaprizləri?

Son illər dünyanın müxtəlif guşələrində ABŞ-yə qarşı reaksiyanın
sərtləşməsinin, birqütblü formatın sürətlə çoxqütblüyə doğru dəyişilməsinin
əsasında Qərbin gözü götürmədiyi, onun siyasəti ilə razılaşmayan dövlətlərə
qarşı haqsız münasibəti durur. Amerikanın maraqlarından asılı olaraq, bu və ya
digər dövlətə qarşı yanaşmasının kardinal formada dəyişməsinə artıq hamı
bələddir. Qonşu Gürcüstan 2008-ci ildə məhz Qərbin avantürist siyasəti və
şıltaqlığının güdazına gedərək ərazilərinin bir qismini faktiki itirilmə
reallığı ilə üz-üzə qaldı. Hazırkı hakimiyyət milli maraqları naminə Rusiya ilə
əlaqələrini normal müstəviyə daşımaq istəyən kimi ABŞ-dəkilərin üzü dönməyə
başladı. Cənubi Qafqazın “azadlıq bastionu” qəflətən “demokratiyanın boğulduğu”
ünvana çevrildi.

Ancaq nədənsə bu paradiqma heç də hər dövlətə münasibətdə işləmir. Biz ABŞ-ni
və kollektiv Qərbi onillər boyu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalını malalamaqda, ört-basdır etməkdə və qanuniləşdirmək cəhdində qınamışıq.
Bu illər boyu olduqca vacib bir məqamın üzərində isə az dayanmışıq. Bu gün
Ermənistan ABŞ-nin rəsmi şəkildə regionda sevimli ərkəsöyün “övlad”ına
çevrilib. Qərb bunu Paşinyan hökumətinin “demokratikliyi” ilə pərdələyir. Məgər
Vaşinqton Köçəryan və Sarqisyan kimi canilərin hakimiyyətlərinə qarşı hansısa
hədə-qorxu, sanksiya hədələri edirdimi? Köçəryan-Sarqisyan dönəmində Ermənistan
düşmən Rusiyanın regional forpostu və jandarmı idi. Ermənistan şirkətləri
dəfələrlə İrana qadağan edilmiş məhsulların satışı və tranzitində ifşa
olunmuşdular. Amma İrəvana bir dəfə də olsun barmaq silkələndiyini gördükmü?

Sanksiyalar Qərbin əlindəki dəyənək rolunda

Sanksiya və embarqoların Qərbin əlində bir dəyənək olduğunu hamı bilir. Özü də
bu dəyənəyin dişsizliyi və gücsüzlüyü gündən-günə daha aydın hiss olunur. İki
ildən çoxdur Rusiyaya qarşı saysız-hesabsız məhdudiyyətlər tətbiq olunub, ancaq
bu, Ukrayna cəbhəsindəki fiaskonu kompensasiya etmək üçün yetərli deyil. Ayaq
altında qalan Ukrayna xalqıdır. Tehrana qarşı sanksiyalar 40 ildən çoxdur
qüvvədədir, ancaq İranın ballistik raketlər istehsal etməsinin qarşısını ala
bilmirlər.

Kollektiv Qərbin bu riyakar və nankor yanaşması haqlı olaraq bütün dünya boyu
əks-təsir effektini gücləndirməkdədir. Dövlətlər və xalqlar anlayırlar ki, bu
ədalətsizliyə qarşı yalnız deyil, birgə şəkildə hərəkət etməyin daha böyük
effekti ola bilər. BRİCS, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar
səbəbsiz yerdən yaranmayıblar. İqtisadi potensialları daha zəngin olan
xalqların konsolidasiya istəyinin əsas hədəfi Qərbin nahaq siyasətinə qarşı
birgə mübarizədir.

Source link