Vassal, forpost, bastion – “Kaspi”nin TƏHLİLİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın yeni himayədarı Fransanın dünyanın dörd bir yanındakı
müstəmləkələri ilə necə davrandığını bilməyən yoxdur. Belə görünür ki,
Afrikanın gedib qayıtdığı yola Ermənistan indi çıxır.
“Kaspi”
qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.
Ermənistanın iki əsrlik sahibinə xəyanət edib Qərbdə yeni himayədar axtarması
erməni xalqının müstəqil yaşamaq qabiliyyəti, bacarığı və belə görünür ki, həm
də istəyində olmadığının göstəricisidir. Ötən həftə bu axtarış özünün məntiqi
hədəfinə yetişib: Fransanın İrəvana bir neçə ədəd “Bastion” zirehli texnikasını
göndərməsinə dair informasiya yayılıb və təsdiqini tapıb. Bunun ardınca
ictimailəşən daha bir məlumata görə, ABŞ də Ermənistana bir sıra istiqamətlərdə
yardım və təminat verməyə hazırlaşır. Okeanın o tayından gələn vədlər əsas
etibarilə siyasi və maliyyə xarakterlidir. Bu hipotetik yardım Ermənistana
Rusiya tərəfindən sıxışdırıldığı halda ediləcək. Söhbət İrəvanın enerji
asılılığı və maliyyə sıxıntılarının qarşılanmasından getsə də, hər halda
ABŞ-nin dünyadakı ikinci ən iri səfirliyinin Ermənistanda sadəcə bu
ehtiyacların ödənilməsi üçün fəaliyyət göstərdiyinə inanmaq sadəlövhlük olardı.
Xəyanət alınlarına yazılıb
Ermənilər nicatı iki yüz illik hamiləri və sponsorları olmuş Rusiyaya arxa
çevirib Qərbdə axtarırlar. Əslinə qalsa, bu xəyanət ermənilərin Qafqazda
məskunlaşdıqları müddət ərzində ilk təcrübə deyil. Ötən əsrin əvvəllərində
tarixi Azərbaycan torpaqlarında məskən salmış ermənilərin ilk müstəqil
dövlətlərinə rəhbərlik edən daşnaklar da üzü Avropaya dönməyə cəhd göstərmiş və
fiaskoya uğramışdılar. Vəziyyət o həddə çatmışdı ki, türkü özünə bir nömrəli
düşmən seçmiş “Daşnaksütyun” liderləri Atatürk Türkiyəsinə müraciət edərək
bolşevik Rusiyasına qarşı silahlı dəstək istəmişdilər.
Əvvəl Rusiya imperiyası, sonra sovetlərin arxasında daldalanan ermənilər Serj
Sarqsyanın hakimiyyətinin ortalarınadək Moskvanın sadiq forpostu rolunun mahir
ifaçısı qismində çıxış ediblər. O həddə ki, hətta Rusiyanın rəsmi şəxsləri
İrəvanın Moskvanın Qafqazdakı “etibarlı forpostu” olduğunu bəyan etməkdə bir
qəbahət görmürdülər. Bu vaxtdan etibarən ermənilər Rusiyanın borc müqabilində
Ermənistanın olan-qalan infrastrukturunu əlindən aldığını və əvəzində heç nə
vermədiyini dərk edib altdan-altdan Qərblə gizli sövdələşməyə start veriblər.
ABŞ-nin ən böyük səfirliklərindən biri İrəvanda məhz bu dövrdə tikilib.
Ermənistanda hazırkı hakimiyyətə müxalifətdə olan qüvvələrin bir qismi
Sarqsyanın Paşinyanın qarşısından “çəkilməsi”ni İrəvanın Qərbə doğru gələcək
dreyfi üçün münbit platforma yaratmaq cəhdi hesab edirlər. Başqa sözlə,
Sarqsyan hakimiyyəti Paşinyana əvvəldən hazırlanmış ssenari ötürüb ki, bu gün
şahidi olduğumuz proseslər yaşansın.
Afrikadan Ermənistana
“Bastion”ların Ermənistana ötürülməsindən əvvəl erməni müdafiə naziri Parisə
səfəri zamanı Fransa istehsalı iki ədəd radar sisteminin alınmasına dair
müqavilə də imzalamışdı. Düzdür, bu komplekslərin hansı pulla alındığı və
məbləğin nə zaman ödəniləcəyinə dair detallı məlumat yoxdur. Fransa kiməsə
pulsuz nə isə verən ölkəyə oxşamır. Paris və Strasburqun yarıerməni merlərinin
Azərbaycanla sərhədə doğru 3-4 yük maşını ərzaq gətirib, bir qədər sonra geri
dönmələri aldadıcı təsəvvür yaratmamalıdır. Qarabağı tərk edən ermənilərin
“Fransa tərəfindən qəbul ediləcəklərinə” dair məlumat çıxan kimi bu ölkənin
İrəvandakı səfirinin tələsik və təlaşlı təkziblə çıxış etməsini də
unutmamalıyıq. Belə baxanda, Ermənistana ötürülən silahın ciddi hərbi mahiyyəti
yoxdur. Radarlar nəzəri baxımdan Ermənistanın hava məkanını qorumalıdır, ancaq
onların Rusiya istehsalına əsaslanan KTMT sistemi ilə necə
əlaqələndiriləcəkləri müəmma mövzusudur. Deyilənə görə, “Bastion”lar Ukrayna
üçün nəzərdə tutulubmuş, ancaq Kiyevdə hesab ediblər ki, bu zirehli maşınlar
artilleriya və raketlər qarşısında çox ürkək və etibarsızdırlar.
Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Fransanın hərbi yardımı
gerçək dəstəkdən daha çox hərbi məzmunlu təbliğat aksiyasının tərkib
hissəsidir. Bir tərəfdən yerlilərin xoşuna gəlmək və Rusiyaya nifrəti artırmaq,
digər tərəfdən isə bu yolla Moskvanı ölkədən çıxarıb onun yerini doldurmaq.
Afrikadan biabırcasına qovulan Fransa üçün bu, həyati əhəmiyyət daşıyan
həmlədir.
Rusiya qalasında fransız bastionu
İtalyan mənşəli söz olan bastionun mənası müdafiə və hərbi məqsədlərə xidmət
edən möhkəmləndirilmiş istehkam, tikili deməkdir. Bu ifadə tarixdə daha çox
qala döyüşləri zamanı populyar olub. Fransanın Ermənistana göndərdiyi ilk hərbi
texnikanın “Bastion” adlanması görünür ki, təsadüfi deyil. Paris Ermənistanı
yeni bastionu etməkdə israrlıdır. Avropa və bütövlükdə Qərb Rusiyanın Ukrayna
cəbhəsində əldən düşməsindən istifadə edib Ermənistanda və ümumiyyətlə, Cənubi
Qafqazda möhkəmlənmək istəyir. Paşinyan hökuməti bunun üçün lazımi şəraiti
yaratmağa və iztirablara dözməyə hazır kimi görünür. İrəvanın da öz hesabları
var – plan baş tutarsa, iki yüz illik qul yaşayışına son qoyub Qərbin qabaqcıl
nailiyyətlərinə doğru yol açmaq. Ancaq qul necə deyərlər, ona görə qul deyil
ki, bu vəziyyətdə yaşayır. Qul bu vəziyyətdən çıxmaq üçün cəhd etmədiyinə görə
quldur. Ermənistan ilk baxışdan zəncirlərini sındırmaq istəyən qul təəssüratını
yaratsa da, Qərbdə də Şərqdə olduğu kimi, “halva, halva deməklə ağız şirin
olmur”. Fransanın dünyanın dörd bir yanındakı müstəmləkələri ilə necə
davrandığını bilməyən yoxdur. Belə görünür ki, Afrikanın gedib qayıtdığı yola
Ermənistan indi çıxır.
Fransa Ermənistanda bastion qurmaqda olsun. Rusiya hərbiyyəsi artıq iki əsrdir
elə bu qədər də tarixi olan Gümrü qalasında möhkəmlənib və onu tərk etməyə
hazırlaşmır. Tapdaq altında qalacaq Ermənistanın onsuz da zəif dövlətçiliyini
hansı aqibət gözləyir?