Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və
Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində
Azərbaycan pavilyonunun açılışı olub.
Cixisyolu.com xəbər verir ki, noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya
Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında
keçirilir.
Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıq abidələrindən olan Campo
della Tanada yerləşir və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From
Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunaraq biennalenin
şüarını özündə əks etdirir.
Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ötən müddətdə
Azərbaycan rəssamlarına Fond tərəfindən göstərilən dəstək layihələrini
xatırladıb. Bildirib ki, Heydər Əliyev Fondu həmçinin Venesiya Biennalesində
Azərbaycanın pavilyonlarının ərsəyə gəlməsində iştirak edir.
Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, o cümlədən
layihənin kuratoru – müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq
professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş
Luka Beatrisə (Luca Beatrice), Azərbaycanın Mədəniyyət Nazirliyinə, həmçinin
Azərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib.
Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru Luka Beatris isə
Azərbaycanın müasir memarlığının tarixlə dialoqda olduğunu, incəsənətimizin isə
gələcəyə yönələn münasibətin ən sadiq güzgüsü olduğunu bildirib. Luka Beatris
tədbir iştirakçılarını qədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün
Bakıya səfər etməyə çağırıb.
Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.
Pavilyonumuzu ziyarət edənlər arasında BMT-nin Cenevrə bölməsinin baş
direktoru Tatyana Valovaya, Venesiya Biennalesində təmsil olunan Birləşmiş Ərəb
Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi də olub.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi çərçivəsində
Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi və
digər ölkələrdən olan həmkarları ilə görüşüb. Görüşlərdə mədəniyyət sahəsində
əməkdaşlıqların inkişafı, birgə mədəni layihələrlə bağlı fikir mübadilələri
aparılıb.
Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan
Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 60-cı Venesiya
Biennalesindəki Azərbaycan pavilyonunda əməkdar rəssamlar İrina Eldarova, Rəşad
Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə
əcnəbilik mövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığı
diqqətə çatdırılır.