Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratı qəbul edib.
XİN-dən ÇıxışYolu.Com-a bildirilib ki, X. Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Nazirlər ikitərəfli münasibətlərin hazırkı durumu və əməkdaşlıq perspektivlərini müzakirə edib, diplomatik təmsilçiliyin əməkdaşlığın genişləndirilməsində önəmli olduğunu bildiriblər. X. Monserrat Venesuelanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Azərbaycanda Venesuela Səfirliyinin açılmasının bunun göstəricisi olduğunu əlavə edib.
E. Məmmədyarov həmkarına Nazirlər Konfransına uğurlu sədrliyə görə təşəkkür edib, Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğulayıb. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin təsisinin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.