Venesuelada cinayətkarlar çoxuşaqlı ananı övladlarının gözü qarşısında güllələyib.
ÇıxışYolu.Com “Noticia al Dia” nəşrinə istinadən məlumat verir ki, cinayətkarlar bununla qadından dəstə üzvlərindən birinin ölümünə görə qisas alıb.
Məlumata görə, mart ayında oğrular Roza adlı qurbanın evindən qiymətli əşyaları oğurlayaraq, ona polisə şikayət etməməyi tapşırıb.
Qadın oğrulardan birini tanıyıb və onları cəzalandırmaq üçün polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Qadının şikayəti əsasında şübhəlinin saxlanılması zamanı sonuncu polisə müqavimət göstərib və açılan atəş nəticəsində həlak olub.
Onunla əlbir olan cinayətkarlar bundan xəbər tutaraq yenidən Rozaya baş çəkmək qərarına gəlib, onu ölümlə təhdid ediblər. Qadın yenidən polisə şikayət edib və üç uşağı ilə başqa rayonda yaşayan anasının evinə köçməyə qərar verib.
Ancaq aprelin 5-də üç silahlı kişi onun yeni ünvanına gəlib və Rozanın küçəyə çıxmasını tələb edib. Qadın razılaşsa da, çox keçmədən onlar qadını uşaqlarının gözü önündə güllələyib və hadisənin görüntüsünü lentə alıb.
Cinayətkarların aprelin 14-də həbs olunduğu bildirilir.