“Verbovka” olunmuş din xadimi: “Hüseyniyyun” rəhbərlərindən olan Orxan
Məmmədovun erməni ağası…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hüseyniyyun” ekstremist təşkilatının anti-Azərbaycan təbliğatının pərdəarxası
məqamları hər kəsə bəlli olsa da, bir sıra faktlar bu şəbəkənin mahiyyətinə
nəzər salmaqda daha geniş baxış bucağına sahib olmağımıza yardım edə bilər. Bu
ekstremist təşkilatın mahiyyəti Azərbaycana qarşı qarayaxma kampaniyası
aparmaq, insanların dini inanclarını istismar etmək, dindən məkirli planlarını
pərdələmək üçün istifadə etmək, suveren və dünyəvi Azərbaycan dövlətinin
inkişafına əngəl törətməkdən ibarətdir. Təbii ki, sadalanan faktların hər
birinin Azərbaycana düşmən mövqenin təzahürü olduğunu görmək elə də böyük
məharət tələb etmir. Yəni ekstremist “Hüseyniyyun” təpədən-dırnağa qədər
ölkəmizə düşmənçilik üzərində qurulub və heç bir ədalətli mövqe, dini
təəssübkeşliklə yaxından uzaqdan əlaqəsi yoxdur…
Azərbaycana qarşı düşmənçilikdən bəhs edərkən burada erməni amilini unutmaq
mümkün deyil. Hər nə qədər “Hüseyniyyun” bu amili kadr arxasında saxlamağa
çalışsa da, həqiqətin ortaya çıxmaq kimi özəlliyə sahib olması ekstremist
təşkilatın daha bir iyrənc üzünü ifşa etməyə yardım edib.
Gəlin ekstremist qruplaşma və üzvlərinin, rəhbərlərinin ermənilərlə olan
əlaqələrinə nəzər salaq.
“Hüseyniyyun” rəhbərlərindən olan Orxan Məmmədov vaxtaşırı cənub qonşumuzun
torpaqlarından dilini Azərbaycan dövlətinə və xalqına qarşı uzatmağa özündə
cəsarət tapır. Təbii ki, hər bir riyakarın daşıdığı xüsusiyyət olan gizlində
şirə dönmək xüsusiyyəti bu “din təəssübkeşi”nə də aiddir. Azərbaycan dövlətinə
dil uzadan, xalqını təhqir edəcək qədər əqidəsiz, ləyaqətsiz, riyakar
düşüncələri kəllə sümüyünün daxilində gəzdirdiyi mənşəyi bilinməyən məhlulda
istehsal edən bu şəxs dini öz xain əməllərinə alət etməyə çalışır, sadə
insanların inanclarından bədnam planlarında istifadə edir.
Orxan Məmmədov adlı şəxs öz ölkəsinə xəyanət üzərində qurduğu həyatını İranda
davam etdirir. Təbii ki, sözügedən şəxsin hazırda olduğu ünvan planların dini
hislərin istismarı hissəsini ətraflı izah edir, qalır məsələnin növbəti və daha
ağır xəyanət sayılacaq hissəsi…
17 avqust 2022-ci il, “Tehran müasir beynəlxalq araşdırma və tədqiqat
müəssisəsi” tərəfindən təşkilatın ofisində Azərbaycan və İsrail dövləti
arasında əlaqələrə həsr olunan “toplantı” keçirilir.
Təbii ki, ənənəvi məzmunda Azərbaycanın ünvanına əsassız ittihamlar
səsləndirilir, Azərbaycan-İsrail münasibətləri “Hüseyniyyun”un xain planlarına
uyğun gələcək şəkildə şərh edilir, dövlətimizə və xalqımıza qarşı çirkin
kampaniya davam etdirilir. “Toplantı”nın “məruzəçi”lərindən biri də, təbii ki,
Orxan Məmmədov olur.
Lakin elə bu məqamda kameralara tuş gələn bir an Orxan Məmmədov və təmsil
etdiyi ekstremist təşkilatının mahiyyətini anlamağa bizə yol göstərir.
“Hüseyniyyun” rəhbəri, Azərbaycana qarşı yönəlmiş saxtakar, xain çıxışlar,
ermənipərəst, paniranist, “siyasi şərhçi” Ehsan Movəhhedyan kimi “qonaq”… Bir
sözlə ölkəmizə qarşı hər cür iftira və riyakarlığa imza atmaq üçün münbit
şərait…
Təbii ki, belə münbit şərait varsa, burada ənənəvi olaraq peyda olan
bakteriyaları – erməni amilini yaddan çıxarmaq olmaz.
Məhz bu məqamda kameralara tuş gələn Qriqor Qazaryan adlı erməni diqqəti cəlb
edir. Öz xislətinə uyğun olaraq bir küncə sıxılıb Orxan Məmmədov və
Movəhhedyanın “çıxışları”ndan qeydlər götürən bu Tehran ermənisi ümumi planda
İrandakı Ermənistan səfirliyinin tərcüməçisi kimi gözə dəyir. Ancaq bu, sadəcə
Qazaryanın qaranlıq kimliyinin gün üzünə çıxan hissəsidir. Əslində Qriqor
Qazaryan “Daşnaksütyun” üzvüdür və bu terror şəbəkəsinin İranda “verbovka”
əməliyyatlarında iştirak edən təmsilçilərindən biridir.
Məlumata görə, bu şəxs “toplantı” başa çatdıqdan sonra Orxan Məmmədovla
təkbətək görüş də keçirir.
Göründüyü kimi Orxan Məmmədov ekstremist təşkilata təkcə dini zəmində deyil,
həmçinin erməni sifarişi əsasında da “rəhbərlik edir”, erməni kəşfiyyatı,
terrorçuları, “Daşnaksütyun” tərəfindən “verbovka” olunmuş xaindir.
“Toplantı”nın ümumi mənzərəsinə bir daha nəzər salaq. “Hüseyniyyun lideri”
Orxan Məmmədov, erməni casus-tərcüməçi Qriqor Qazaryan və ermənipərəst,
paniranist Ehsan Movehhedyan.
Birincidən fərqli olaraq digər iki ünsür qarşılıqlı səfərlərlə yadda qalırlar.
Xüsusən Ehsan Movəhhedyan tez-tez Ermənistana səfər edir, Türkiyə və
Azərbaycana qarşı kampaniya aparır, Qafqazda Ermənistana dəstək verilməsinin
vacibliyini vurğulayır, İsrail və Azərbaycana qarşı Ermənistan, Rusiya, İran və
Hindistanı koalisiyaya səsləyir, Türkiyənin Qafqazla əlaqəsinin birdəfəlik
kəsilməsi istiqamətində təbliğat aparır. Ehsan Movəhhedyan hətta bir vaxtlar
hazırda Bakıda həbsxanada olan separatçı Ruben Vardanyandan “İran Qafqazda sülh
üçün daha fəal siyasət yürütməlidir” başlıqlı müsahibəsi ilə də yadda qalıb.
Qriqor Qazaryanın isə erməni təbliğat maşınının əlaltısı olduğu, erməni
kəşfiyyatının “verbovka” missiyası icra etdiyi şübhə doğurmur.
Bütün bu faktların işığında “Hüseyniyyun”un mahiyyəti daha aydın şəkildə
görünür. Ekstremist qruplaşma Azərbaycana düşmən olan qüvvələrin layihəsi,
xəyanət şəbəkəsinin bir qanadıdır. Orxan Məmmədov heç bir halda din xadimi və
ya təəssübkeşi deyil, xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa
çevrilmiş bir zavallıdır.
İnsanların dini inanclarını istismar etməyə çalışan, bu yolla Azərbaycana
xəyanət edən, E.Movəhhedyan və erməni ağası Qriqor Qazaryan kimi riyakarlarla
çiyin-çiyinə dayanan Orxan Məmmədovun əsl siması ifşa olunub, din xadimi
pərdəsi üzərindən götürülüb, əsl mahiyyəti gün üzünə çıxıb. “Hüseyniyyun” və
“rəhbəri”nin “verbovka” olunmuş kimliyi bu xəyanət şəbəkəsinin nə dərəcədə
cılız olduğunu bir daha göstərib. Azərbaycan dövləti nə qədər güclüdürsə, ona
düşmən olan qüvvələr də bir o qədər birləşməyə, birgə xain planlar qurmağa
çalışırlar. Yuxarıda bəhs etdiyimiz nümunə buna bariz sübutdur. Ancaq danılmaz
fakt və yeganə həqiqət budur ki, Azərbaycan dövləti, dövlətinə sahib çıxan
Azərbaycan xalqı bu riyakarlar yığıncağına qarşı dimdik durmağa və onların
planlarını alt-üst etməyə qadirdir. İfşa olunan ekstremist qruplaşma və lideri
Azərbaycandan kənarda qaranlıqlar içində şirə dönsə də, daim öz kölgəsindən
qorxmağa məhkumdur!
Aqil Vəlili