Vergi borclarına dair sərəncamlarda YENİ QAYDA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının
gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini
tapıb.
Layihəyə əsasən, vergi orqanının vergi ödəyicisinin milli və xarici valyutada
cari və digər hesablarında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc
məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə
dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya
elektron pul təşkilatında olan hesablarına verildikdə və ya bu zaman borc
məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və ya digər
hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını
təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti
əsasında bu məlumatı vergi orqanına elektron qaydada təqdim edəcək. Vergi
orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul
təşkilatlarına verilən sərəncamların bir iş günü müddətində qaytarılmasını
təmin edəcək.
Vergi orqanının vergi ödəyicisinin eyni kredit və elektron pul təşkilatında
olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və maliyyə sanksiyaları
üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə
dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi
ödəyicisinin milli və xarici valyutada olan cari və digər hesablarından hər
hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul
təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların bir
iş günü müddətində qaytarılmasını təmin edəcək.