d9d8d653-4c0b-4488-9172-c319dbf2b267.webp

Vergi Xidməti: “Tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac yoxdur”

Baxış sayı: 299 dəfə baxılıb.

Son zamanlar mağazalarda satılan bəzi siqaret məhsullarında aksiz markalarının
olmaması müşahidə edilir. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır.
Mağaza sahibləri və satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz
markasız təqdim edildiyini bildirirlər. Azərbaycan qanunvericiliyinə əsasən,
aksiz markaları və məcburi nişanlama sistemləri dövriyyədə olan məhsulların
nəzarət altına alınması və vergi tənzimlənməsi məqsədilə tətbiq edilir.

Bununla əlaqədar “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, artıq məcburi nişanlanma
mexanizmi tətbiq edildiyindən tütün məhsullarının qutuları üzərində aksiz
markasının olmasına ehtiyac yoxdur.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli Qərarı ilə
“Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz
markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların
ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi
nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və
uçotunun aparılması Qaydaları” təsdiqlənib.

Həmin qaydalara əsasən, tütün məmulatlarına, elektron siqaretlər üçün mayeyə,
istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə,
“homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna
çəkilən tütünlərə, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinə,
alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya
bərpa edilmiş tütün olan məhsullara və birdəfəlik istifadə üçün elektron
siqaret, qəlyan və onların əvəzedicilərinə yalnız məcburi nişanlama tətbiq
olunur.

Məcburi nişanlama dedikdə qaydalarla müəyyən olunmuş malların idxalı,
istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi
məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu
elementlər nəzərdə tutulur. Qaydalara əsasən, məcburi nişanlama “DataMatrix”
şəklində olmaqla özündə yuxarıda qeyd edilən mal nümunələrinin qutularının
üzərinə yerləşdirilir. “DataMatrix” kodu informasiyanı qrafik şəkildə təsvir
edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət
olan ikiölçülü (2D) matriks ştrixkoddur.

Beləliklə, sözügedən mallara tətbiq olunan məcburi nişanlama həmin malların
istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar)
tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə
yerləşdirilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən
başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını
pozmadan tətbiq edilir.

Source link