VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”
mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham
Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər xarici
mətbuatın diqqət mərkəzində olub.
AZƏRTAC
xəbər verir ki, xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın
mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti,
ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin
möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması
istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində
saxlanılıb.
VI Mədəniyyətlərarası Dialoq Forumu və dövlətimizin başçısı fikirləri Türkiyə
mətbuatının da diqqət mərkəzində olub. Qardaş ölkəninAnadolu Agentliyi, “Haber
Global” televiziyası, “Akşam” qəzeti, “Haberler.com” portalı və digər
KİV-lərində yer alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək
mötəbər qonağın qatıldığı qeyd olunub.
Materiallarda Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında
səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirilərək, dövlətimizin başçısının
Avropa ölkələrinin neokolonializm siyasətinə son qoyulmasının vacibliyi,
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o
cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin vasitəçilərin
iştirakı olmadan aparılması barədə fikirləri əks olunub.
Rusiyanın TASS, “İnterfaks” agentliklərinin, “Vedomosti”, “Qazeta.ru”, “Profil
” jurnalı, “Rossiya seqodnya” və digər kütləvi informasiya vasitələrində
yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə önəm
verilib. TASS dövlətimizin başçısının Avropanın bir neçə ölkəsi tərəfindən
həyata keçirilən neokonializm siyasətinin qarşısının alınmasının vacibliyini
vurğulamasına diqqət çəkib. Agentliyin xəbərində qeyd olunub ki, dövlət başçısı
Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və
qarşılıqlı hörmətlə bağlı olduğunu xüsusi vurğulayıb.
Digər xəbərlərdə də Prezident İlham Əliyevin xüsusən Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin normallaşdırılması, delimitasiya və demarkasiya
işlərinin aparılması və digər məsələlərlə bağlı fikirlərinə yer verilib.
Gürcüstanın “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”, “primetime.ge
”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də “1tv.ge”
televiziyası Azərbaycan Prezidentinin Avropanın bəzi ölkələrinin digər xalqlara
müstəmləkə kimi yanaşması faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb.
Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz
imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara
müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına
sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa
ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya
iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya,
məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı
ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Qətər Xəbər Agentliyinin yaydığı xəbərdə Bakıda işə başlayan üçgünlük Forum
çərçivəsində təşkil olunacaq 4 plenar sessiya və 12 panel iclasında təhsil,
gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz
miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalədə
dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın
əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük
etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı,
qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da
fikirləri diqqətə çatdırılıb.
Belarus mətbuatı da VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu gündəmdə
saxlayıb.BELTA-da yayımlanan xəbərdə Belarus nümayəndə heyətinin də Foruma
qatıldığı vurğulanıb. Qeyd edilib ki, mühüm məsələlərlə bağlı ciddi fikir
mübadiləsinin aparıldığı Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti
İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, “çox mühüm beynəlxalq
platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”.
Bu ölkənin “Sb.by” portalının yaydığı xəbərdə də Forumun mədəniyyətlərarası
dialoqa mühüm töhfə olduğu vurğulanıb.
Ukraynanın “Telegraf” və “Korrespondent” nəşrləri əsasən dövlətimizin
başçısının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması
istiqamətində atılan addımlar barədə fikirlərinə diqqət çəkib. Məqalələrdə
Prezident İlham Əliyevin sülh müqaviləsi üzrə danışıqların Azərbaycanın irəli
sürdüyü təkliflər əsasında aparılması, eləcə də iki ölkə arasında demarkasiya
və delimitasiya işlərinə başlanıldığı, xüsusən bu prosesin vasitəçilər olmadan
həyata keçirilməsi barədə fikirləri diqqətə çatdırılıb.
İranın İRNA agentliyinin, “Entexab” qəzetinin yaydığı xəbərlərdə Prezident
İlham Əliyevin beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının
Ermənistanın otuz il davam etmiş işğala son qoyması üçün qəbul etdikləri qərar
və qətnamələrin tələblərinin yerinə yetirilməsinə cəhd göstərmədikləri barədə
sərt fikirlərinə geniş yer ayrılıb: “Həmin qətnamələri qəbul edənlər heç bir
şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail
olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində
ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz
ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz
münaqişədən sonrakı vəziyyətdəyik”. Yazılarda dövlətimizin başçısının iki ölkə
arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət tendensiyaların
müşahidə olunmasını qeyd etməsi xüsusi vurğulanıb.
Türkmənistanın “Central Asia” media platformasının yaydığı xəbərdə də
Prezident İlham Əliyevin Forumun açılış mərasimində Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması istiqamətində müşahidə olunan müsbət
tendensiya barədə fikirləri diqqətə çatdırılıb.
01.05.2024, 21:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 1-də Bakıda işə
başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi fikirlər
Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC
xəbər verir ki, bu ölkənin “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”,
“primetime.ge”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də
“1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Avropanın bəzi ölkələrinin digər
xalqlara müstəmləkə kimi yanaşması faktı ilə bağlı fikirlərini geniş
işıqlandırıb. Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda
deyilir:
“Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara
müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına
sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa
ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya
iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya,
məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı
ərazisində baş verir. Buna son qoyulmalıdır”.