8709feec-d7eb-4345-b058-62be94702ef6..jpg

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb – FOTO/VİDEO

Baxış sayı: 584 dəfə baxılıb.

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb – FOTO/VİDEO

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkədə
səfərdə olan Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

V.Eyvazov Azərbaycanın Türkiyə ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf
etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət,
iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi sayəsində dost və qardaş ölkələrimiz
arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu
məmnunluqla xatırladıb.

Azərbaycanda mövcud olan sabitliyin əhəmiyyətini xüsusi qeyd edən nazir
bildirib ki, asayişin və təhlükəsizliyin etibarlı qorunması vətəndaşlarımızın,
xarici investorların, o cümlədən türkiyəli iş adamlarının ölkəmizin
iqtisadiyyatına sərmayə qoymalarına və əmin-amanlıq şəraitində yaşayıb
fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.

Nazir Azərbaycan Polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai
asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri
də nəzərə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsinə Türkiyə Daxili İşlər
Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini
məmnunluqla vurğulayıb və cənab Ali Yerlikayanın şəxsində Türkiyə Daxili İşlər
Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

V.Eyvazov Ali Yerlikayanın Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin
inkişafına və dərinləşməsinə də müsbət təsir göstərəcəyinə əmin olduğunu
bildirib.

Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş
ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl
olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün
təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış
etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış
sabitlikdən məmnunluğunu ifadə edib.

O, həmçinin iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini
yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini
əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və
ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir
sıra məsələlər müzakirə olunub.


Source link