Visente Kintero: “Müharibə ehtimalı var” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən il dekabrın əvvəlində Venesuela Prezidenti Nikolas Maduro xarici
neftçilərə Qayana ilə mübahisəli şelfdən çıxmaları üçün üç ay vaxt verib və
Qayana-Essekibo Venesuelanın 24-cü ştatı elan edilib. Sərhəd mübahisəsinin özü
200 ildən artıqdır ki, davam edir. Amma keçən ilin sonunda Karakas
referendumdan sonra bu ərazini özünə məxsus elan edərək uzun müddət davam edən
münaqişəyə son qoymaq qərarına gəlib.
Qayana üçüncü aydır ki, Venesueladan daha çox neft ixrac etdiyi üçün
Venesuelanın xarici neftçilərə olan tələbi ödənilibmi? Ümumi vəziyyət necədir,
Karakas öz “yeni ərazilərinə” nəzarət edirmi? Cixisyolu.com-ın bu suallarını
cavablandıran venesuelalı politoloqVisente Kintero qeyd edib ki, hazırda
Venesuelanın xaricilərin Qayanada neft kəşfiyyatı və hasilatından imtina etməsi
tələbi təmin edilməyib:
– Yaxın günlərdə Venesueladan daha aktiv diplomatik hərəkətlər gözlənilir.
Hazırda Karakas Qayana-Essekibo adlı yeni ştatın ərazisi üzərində effektiv
nəzarətə malik deyil. Lakin Venesuela bu məqsədə addım-addım necə nail olmağı
başa düşür və səmərəli danışıqlara nail olmaq üçün cəhdlər edilir.
– Venesuela və Qayana liderləri güc tətbiq etməmək barədə razılığa gəliblər.
Lakin eyni zamanda “The Wall Street Journal” yazıb ki, Venesuela Qayana ilə
sərhəddə hərbi kontingentini – yüngül tanklar, raketlərlə təchiz olunmuş patrul
katerləri və zirehli transportyor daşıyıcılarını artırır. Hələ də hərbi
münaqişə təhlükəsi varmı?
– Hazırda biz hərbi münaqişəni istisna edirik və danışıqların uğurlu olacağına
ümid edirik. Buna baxmayaraq, hər şey dialoq prosesinin inkişafından asılı
olacaq.
– Yəni müharibə hələ də mümkündür? Əgər belədirsə, Latın Amerikası və dünyanın
hansı ölkələri Venesuelaya, hansı ölkələr Qayanaya dəstək verəcək?
– Çox yüksək olmasa da, hələ müharibə ehtimalı var. Görünür, vəziyyətin
gərginləşəcəyi təqdirdə Venesuela Belarus, Rusiya, İran, Çin və bir çox Latın
Amerikası ölkələrindən dəstək alacaq. Amma kollektiv Qərb Qayananı
dəstəkləyəcək.
– Bu yaxınlarda ABŞ-nin Venesuelaya yeni hücum təhlükəsinin yarandığı barədə
məlumatlar yayıldı. Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
– Venesuelada ABŞ-nin apreldə ölkəmizə qarşı konkret addımlar atacağını
gözləyirlər. Məsələn, çox güman ki, Venesuelaya qarşı bəzi sanksiyalar
yenilənəcək. Ancaq hələ hansı sanksiyalar olacağını da aydınlaşdırmaq lazımdır.
– Venesuela Folklend (Malvin) adalarının Argentinaya qaytarılması ideyasını
dəstəklədi. Bu adalar Böyük Britaniyaya məxsusdur, buna görə Argentina və Böyük
Britaniya arasında Folklend müharibəsi 1982-ci ildə baş verib. “Essekibo
Venesuela olduğu kimi, Malvin adaları da Argentinadır”, – deyə Venesuela Xarici
İşlər Nazirliyindən bildiriblər. Lakin sonra Venesuela Prezidenti Nikolas
Maduro həmkarı Xavyer Mileyi “Argentina üçün ən pis səhv” adlandırıb. Argentina
və Venesuela arasındakı problemlərin səbəbi nədir?
– Venesuela Argentinanın Folklend adaları üzərində suverenliyini dəstəkləyir
və bunun Argentinada hakimiyyət başında kimin olması ilə heç bir əlaqəsi yoxdur.
Əlbəttə, Nikolas Maduro və Xavyer Miley ideoloji rəqiblərdir, lakin iki
ölkənin prezidentlərinin çərçivələrindən kənara çıxan tarixi əlaqələri var.
Argentinanın Folklend adaları üzərində suverenliyini müdafiə etmək Latın
Amerikası layihəsi, bütün regionumuz üçün həyati əhəmiyyət kəsb edir.
Nair Əliyev