Vitse-spiker: Ermənistan BTC-ni partlada biləcəyi haqda bəyanat yayır

Vitse-spiker: Ermənistan BTC-ni partlada biləcəyi haqda bəyanat yayır

Baxış sayı: 2. 243 dəfə baxılıb.

Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanan müqavilələr Milli Məclisdə qanun səviyyəsində qəbul edilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu bu gün Milli Məclisdə (MM) keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən vitse-spiker Valeh Ələsgərov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın xarici sərmayələr cəlb etməsinin əsasında atılan mövcud addımlar durur.

O deyib ki, Azərbaycan birinci müqaviləni – “Əsrin müqaviləsi”ni imzalayan zaman neft və qazın xarici bazarlara çıxarılması üçün kəmərlər yox idi.

Vitse-spikerin dediyinə görə, artıq bu sahədə imzalanan sənədlər qanun qüvvəsindədir:

“Nəticədə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib. Bu gün isə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Bir məqamı da qeyd edim. Mənim rəhbərlik etdiyim İşçi Qrupu Ələt limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonası ilə bağlı bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi Milli Məclisdə iki oxunuşdan keçib, mayın 18-də isə üçüncü oxunuşdan keçəcək.

Azad İqtisadi Zona bu qanun əsasında fəaliyyət göstərəcək. Bu zonada arbitraj qurumları fəaliyyət göstərəcək və bu arbitraj qurumlarında qəbul edilən qərarlar təkrar Azərbaycan məhkəmələrində müzakirə oluna bilməz. Bu qərar həmin azad zonanın səlahiyyətli orqanı tərəfindən icra olunmalıdır”. 

V. Ələsgərov qeyd edib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda Cənubi Osetiya adlanan ərazidə yuridiksiyası məlum olmayan silahlı birləşmələr yerləşib:

“Ermənistanda dövri olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlada biləcəkləri barədə bəyanatlar səslənir. Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya problemi və digər problemlər, əslində, ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq məqsədilə yaradılıb. Bu, sərmayəçilər üçün böyük risklərdir. Biz bu münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com