Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində
təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə
etməklə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində Almaniya, Norveç və
Niderlanda səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara
yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayaraq dələduzluq edib.
Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz
əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət
işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb, onlara dəyən
ziyan 368 675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə
olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı
proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion
Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498 175 manatdır.
Məlumata görə, onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, onun əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər. Hazırda
cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.