Vladimir Orliç: “İlham Əliyevin Azərbaycanın inkişafına töhfəsi dünya
miqyasında təqdirəlayiqdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident İlham Əliyevin Azərbaycanın inkişafına müstəsna töhfəsi dünya
miqyasında təqdirəlayiqdir”.
Bu barədə “Trend”ə Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir
Orliç deyib.
“Güclü və müdrik siyasi rəhbərlik olmadan mühüm nəticələr mümkün olmazdı və
bu, Prezident İlham Əliyevin xidmətidir. Azərbaycanın son illər ərzindəki
nailiyyətləri dünya ictimaiyyətinin səmimi heyranlığına layiqdir”, – o deyib.
Orliç bildirib ki, son 20 il ərzində Serbiya və Azərbaycan arasında möhkəm
dostluq əlaqələri inkişaf edib və strateji tərəfdaşlıq qurulub. Tərəflər
bir-biri ilə hərtərəfli əməkdaşlığı da fəal inkişaf etdirirlər.
“Bu gün ölkələrimiz arasındakı münasibətlər öncə möhkəm dostluq və
liderlərimiz Prezident Aleksandar Vuçiç və Prezident İlham Əliyevin qarşılıqlı
hörmət və dəstəyi əsasında qurulur. Hər iki ölkənin hökumət, parlament və
vətəndaşları sıx əlaqə saxlayırlar. Serbiya və Azərbaycan arasında
səmimi-qəlbdən qürur duyduğumuz münasibətlər gələcəkdə də möhkəmlənməkdə davam
edəcək”, – deyə Orliç qeyd edib.
O, həmçinin, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyinə dəstək
nümayiş etdirdiyini və Belqradın buna görə minnətdar olduğunu bildirib.
“Dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması dünyanın bütün ölkələri
üçün son dərəcə vacib olan müqəddəs hüquqdur və BMT Nizamnaməsi ilə hər bir
dövlət üçün təmin edilir. Serbiyanın bu məsələ ilə bağlı mövqeyi belədir və biz
bütün dünya qarşısında bunu açıq şəkildə deyirik. Ölkələrimiz anlayır ki,
təəssüf ki, dünyada heç də hamı bu məsələ ilə bağlı bu cür prinsipial mövqeyə
malik deyil. Məhz bu səbəbdən Serbiya və Azərbaycan beynəlxalq hüququn
prinsiplərinə riayət uğrunda mübarizədə səylərini birləşdirməlidirlər. Dövlətin
öz ərazi bütövlüyünün bərpası üçün hərbi-siyasi strategiyadan istifadə etmək
hüququ danılmazdır. Azərbaycan tərəfindən Serbiyanın suverenliyinin
dəstəklənməsi xalqlar arasındakı səmimi dostluğun böyük sübutudur. Azərbaycan
daim Serbiya tərəfindən analoji dəstəyə bel bağlaya bilər. Serbiya özü üçün
arzuladığı sülh, sabitlik, tərəqqi və inkişafı Azərbaycan üçün də arzu edir”, –
Orliç deyib.
O, Azərbaycanda keçiriləcək prezident seçkisinin tarixi əhəmiyyət daşıdığını,
müstəqilliyin bərpasından sonra seçkilərin ilk dəfə olaraq bütün ölkə
ərazisində keçiriləcəyini qeyd edib.
“Ölkənin bütün vətəndaşlarının səsvermədə iştirak etməsi olduqca vacibdir,
çünki ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. İstər siyasət sahəsi,
istərsə də infrastruktur və həyat keyfiyyətində müstəqil siyasət olmadan
irəliləyiş əldə etmək mümkün deyil. Həm Azərbaycan, həm də Serbiya məhz bu cür
siyasət yürüdən liderlərin qətiyyəti və uzaqgörənliyi sayəsində bu həqiqəti
yaxşı dərk edirlər. Ölkələrimizin vətəndaşları işıqlı gələcəyin təmin olunması
üçün seçkilərdə fəal rollarının nə dərəcədə vacib olduğunu dərk edir və öz
səslərini onları bu işıqlı gələcəyə aparmaq iqtidarında olan ən yaxşı liderlərə
verirlər”, – o vurğulayıb.