Vladislav Şurıqin: “Ermənistan ordusu artıq döyüşə bilmir və bundan sonra da
döyüşməyəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən gün Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair
sənəd imzalayıb
Sənəd Fransa və Ermənistanın müdafiə nazirləri Sebastyan Lekornyu və Suren
Papikyan arasında keçirilən görüşdən sonra imzalanıb.
Məlumdur ki, söhbət ən azı hava hücumundan müdafiə sistemləri və radarlardan
gedir. Çox güman ki, silahlar Ermənistana kommersiya qiymətinə satılacaq və
çətin ki, İrəvana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT)
çərçivəsində fəaliyyət göstərən endirimlər edilsin.
Məsələni Cixisyolu.com-a şərh edən rusiyalı hərbi ekspert, publisist, “İzborsk”
klubunun daimi üzvüVladislav Şurıqin bildirib ki, İrəvanla Paris arasında
müdafiə sahəsində əməkdaşlıq Ermənistanın milli maraqları baxımından sərfəli
deyil. Hərbi potensialını zənginləşdirmək baxımından isə, əksinə, çox
sərfəlidir. Müqavilədə bu prosesin iştirakçılarına müxtəlif “otkat”lar nəzərdə
tutula bilər.
“Qərb silahlarına keçid böyük pullar deməkdir, Qərbdən kredit götürməyə
ehtiyac duyulacaq. Pulu isə bu müqaviləni bağlayanlar yox, Ermənistan xalqı
ödəməli olacaq”, – deyə hərbi ekspert vurğulayıb.
“Doğrudanmı İrəvan qısa müddət ərzində ordusunu Qərbin silah standartları ilə
təchiz etməyə və bununla da gücləndirməyə ümid edir?” – sualına cavab verən
ekspert vurğulayıb ki, Ermənistanın uduzduğu müharibə və ondan sonrakı
hadisələr fonunda hansısa güclü erməni ordusundan danışmaq tamamilə mənasızdır:
“Məhz ona görə də onlar bu alış-verişə getdilər. İrəvanda çox yaxşı başa
düşürlər ki, artıq Ermənistanın silahlı qüvvələri döyüşə bilmir və bundan sonra
da döyüşməyəcək. Bu isə o deməkdir ki, korrupsiya sxemlərinin vaxtı yetişib,
çünki alınan silahlar müharibədə sınaqdan keçirilməyəcək. Rusiya silahları pis
çıxdı, ona görə də bahalı Qərb silahlarını alacağıq deyərək siz öz
məğlubiyyətinizi sərfəli şəkildə sata bilərsiniz. Bu silahlarla yalnız hansısa
banan respublikasına qarşı döyüşmək üçün istifadə olunma ehtimalı artıq heç
kimi narahat etmir. Əsas Ermənistan ordusunun yeni səviyyəyə keçdiyini hamıya
göstərməkdir”.
Nair Əliyev