Vüqar Bayramov: “Azərbaycanda pul bazası yenidən azalıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə,
dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ayla müqayisədə 67,6 milyon
manat azalaraq 18 milyard 334 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq
azalmalara rəğmən, ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.
O bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank
ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının
qalıqları) daxildir.
“Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin
optimallaşdırılması ilə bağlı tədbirləri xüsusi təsirə malikdir. Belə ki, pul
bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini
məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda
antiinflyasiya effektinə malik olur.
Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin yüksəlməsi də
müşahidə olunmaqdadır. Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun
vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə
xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox
imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm
inflyasiyayaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun
dəstəklənməsinə xidmət etməlidir. Buna görə də pul bazasının
optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq
etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük
verilməlidir”.