9767d989-8fd6-44ef-9554-a5fa088e6ded..jpg

Vüqar Bayramov: “Mədəniyyət qurumlarının öz xidmətləri sayəsində xərclərini ödəmələri real deyil” – AUDİO

Baxış sayı: 1. 085 dəfə baxılıb.

Vüqar Bayramov: “Mədəniyyət qurumlarının öz xidmətləri sayəsində xərclərini
ödəmələri real deyil” – AUDİO

“Mədəniyyət sahəsi daxil olmaqla, ümumiyyətlə bütün sektorlarda kadr və
struktur islahatları davam edir. Müasir çağırışlara uyğun olaraq, daha çevik,
şəffaf və eyni zamanda bürokratiya əngəllərinin minimallaşdırılmasına xidmət
edən idarəetmə sistemi formalaşır. Bu tələblərə cavab verməyən kadrlar öz
mövqelərindən uzaqlaşdırılırlar”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü, ekspert Vüqar Bayramov “Evdə tənha olanlara” podkastında deyib.

“Biz əvvəlki dövrlərdə də kadr dəyişikliklərini müşahidə etmişik. Bu, davamlı
bir prosesdir. Daha innovativ, çevik, şəffaf qərar verən gənc kadrların
idarəetmədə çox olması əsas hədəflər sırasındadır. Mədəniyyət Nazirliyi də bu
baxımdan istisna deyil. Bu, hesab edirəm ki, müasir dövrün idarəetmə ilə bağlı
tələbləridir və Prezident tərəfindən də müəyyənləşdirilmiş tələblər məhz
kadrların şəffaf, çevik, səmərəli idarəetmə qurmaları ilə bağlıdır”, – deyə
ekspert bildirib.

V.Bayramov qeyd edib ki, mədəniyyət sahəsində vətəndaş məmnunluğu çox vacibdir:

“Bu sahədə bütün qurumların yaxşı xidmət göstərmədiyini demək doğru olmazdı.
Sözsüz, öz işini yerinə yetirə bilməyən və yaxud problemləri olan qurumlar var,
amma etiraf etmək lazımdır ki, son illər bu sahədə biz xidmətlərin
keyfiyyətinin artmasını müşahidə edirik. Eyni zamanda, bu sahədə
rəqəmsallaşmadan da istifadə olunur. İslahatlar da məhz mədəniyyət sahəsində
xidmətlərin səmərəliliyinə bir stimul yaradır. Gözlənilir ki, son islahatlardan
sonra mədəniyyət sahəsindəki dövlət müəssisələrinin təklif etdikləri
xidmətlərin keyfiyyətində daha çox dəyişiklik olacaq”.

Ekspert əlavə edib ki, bütün inkişaf etmiş ölkələrdə mədəniyyət sektoru özü
özünü təmin edir, bu da birbaşa bazarın geniş olması ilə bağlıdır.

“Azərbaycan bazarının da mədəniyyət sektorunda xidmətlərin keyfiyyəti və
çeşidi artdıqca genişləndiyini görəcəyik. Bu sahədə xidmətlər liberallaşsa, biz
buna daha tez nail olarıq.

Ümumiyyətlə, bütün ölkələrdə mədəniyyət sahəsində bir sıra qurumlara dövlət
dəstəyi var. Onların yalnız öz xidmətləri sayəsində öz xərclərini ödəmələri
real deyil, dövlət tərəfindən dəstəyə və kompensasiyaya ehtiyacları var.
Məsələn, muzeylər və kitabxanalar – bunlar birmənalı şəkildə dövlət tərəfindən
dəstək almalıdırlar. Bu istiqamətdə də dəstəyin gücləndirilməsinə ehtiyac var.

Digər vacib məqamlardan biri – ümumiyyətlə bəzi xidmətlərin özəl sektorun
dövlətlə əməkdaşlığa cəlb olunması yolu ilə təklif edilməsidir. Həmçinin bəzi
qurumların publik hüquqi şəxsə çevrilməklə dövlətdən kənar mənbələrdən gəlir
eldə etmələrinə nail olmaqdır. Mədəniyyət – prioritet sahələrdən biridir və
buradakı bir sıra qurumlar dövlətdən dəstək almağa davam edəcəklər”, – deyə
ekspert vurğulayıb.

Source link