Vüqar Bayramov: “Ödənişli yol vətəndaşlar üçün məcburiyyət yox, seçim
imkanıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolu
vətəndaşlar üçün məcburiyyət yox, seçim imkanıdır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Ödənişsiz yollarda məsafə uzun və sürət həddi aşağı olur. Ödənişli yol isə
vətəndaşların gedəcəyi yerə daha tez çatmasını təmin edəcək. İşləkliyi və
yükdaşımalarda payı da nəzərə alınarsa, yeni yolun əhəmiyyəti xüsusi
vurğulanmalıdır”, – deyə deputat qeyd edib.
V.Bayramov, həmçinin diqqətə çatdırıb ki, yeni avtomobil yolu qeyri-neft
sektoru üzrə yükdaşımaların həcminin artmasına, bölgəmizdə turizm inkişafına da
töhfə verəcək:
“Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarından
çoxdur. Yeni tikilən yol bu ticarət dövriyyəsinin artımında, ərzaq və sənaye
məhsullarının daşınmasında mühüm rol oynayacaq”.
Qeyd edək ki, Tarif Şurasının dünənki qərarına görə Hacı Zeynalabdin Tağıyev
qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV
ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat
vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər
maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən
15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8
qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və
yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli
yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti
qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi
məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla
müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.