Vüqar Bayramov: “Vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir”
“Mühasibat uçotu aparan şirkətlər elektron mühasibatlığa hazır olmadan biz
yeni qanun gətiririk”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Millət vəkilinin fikrincə, burada bir neçə məqama diqqət olunmalıdır:
“İri sahibkarlıq subyektləri mühasibatlığı elektron aparacaq. Lakin bəlli
deyil, burada elektron mühasibatlıq hansı anlama gəlir. Bu elektron
mühasibatlığı subyektlər inteqrə olunmuş elektron formada, yoxsa kağız üzərində
gördükləri prosesləri sadəcə öz kompüterlərində görəcəklər? Bu, aydın deyil”.
V.Bayramov qeyd edib ki, vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən
xərclənir:
“Nəticədə biz iri sahibkarlara mühasibatlığın elektron aparılmasını məcburi
edirik, amma dövlət qurumlarını etmirik. Halbuki dövlət qurumlarının xərcləri
daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların
kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri
sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də
böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə, niyə iri sahibkarlığın
hazır olduğunu düşünməliyik? Bu, nə qədər doğrudur?”