Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda IV turun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu bunadək lider olan Rusiyanın “Molodyojka” komandasını 4:2 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini qazanıb.
Komandamızda yalnız Ülvi Sadıqov qara fiqurlarla Andrey Yesipenkoya uduzub.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi Şimali Makedoniya “Alkaloid”i Serbiyanın “İtaka” komandasını məğlub edib – 5:1. Şəhriyar Aleksandar İnciçə qalib gəlib.
Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”i Belçikanın “Fontan” komandasını 5,5:0,5 hesabı ilə məğlub edib. Nicat qara fiqurlarla Endi Mareşaldan üstün olub.
Nərgiz Umudovanın şərəfini qoruduğu Belçika “Eşikye Mözan”ı da İsveçin “Vasa” komandasını 3,5:2,5 hesabı ilə məğlubiyyətə uğradıb. Nərgiz qara fiqurlarla Eqons Lavendelisə qalib gəlib.
Hazırda “Vüqar Həşimov” klubu səkkiz xala malikdir və birinci sıraya yüksəlib. Altı xala malik “Alkaloid” səkkizincidir. Dörd xal toplamış “Eşikye Mözan” və “Rayka Rapid” müvafiq olaraq 29 və 30-cu sıraya yüksəlib.
Qadınların yarışında isə “Odlar Yurdu” ilk məğlubiyyətini alıb. Zərif şahmatçılarımız turnir cədvəlinin ikinci sırasında yer alan Kiyev Şahmat Federasiyasının komandasına 1:3 hesabı ilə uduzub. Bu üzdən dörd xala malik olan komandamız altıncı sıraya yuvarlanıb.
Qeyd edək ki, “Vüqar Həşimov” bu gün üçüncü sırada olan İtaliyanın “Obiettivo Rizarçimento” komandası ilə görüşəcək. “Odlar Yurdu” isə Sloveniyanın “Maribor” komandası ilə qarşılaşacaq.
Səbuhi Musayev