Vüsal Qasımlı: “Xankəndi və ətrafının inkişafı üçün yeni imkanlar açılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırdıqdan sonra bölgənin
inkişafı üçün yeni imkanlar açılıb.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
“Xüsusən də bölgənin, o cümlədən Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və
Ağdərənin reinteqrasiya prosesi iqtisadi qüdrətə malik Azərbaycan dövlətinin
imkanları hesabına həyata keçiriləcək. Xərclər-buraxılış modeli əsasında
hesablamalarımız göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda yatırılan hər bir
manat vəsait ümumi iqtisadiyyat üzrə iki manat buraxılış yaradır. Separatçı
rejimin yaratdığı “boz sahə”də təbii resursların – su, torpaq, meşə və faydalı
qazıntların ətraf mühitə ziyan vuraraq istismarı, həmçinin ölkəmizə qarşı
ekoloji terror, xüsusən də su terroru dayandırılıb. Cənab Prezidentin qeyd
etdiyi kimi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona” yanaşmasına uyğun olaraq
BMT-nin davamlı inkişaf məqsədlərinə uyğun şəkildə ərazinin bərpası təmin
ediləcək”, – deyə o qeyd edib.
“Yeri gəlmişkən, vaxtilə “boz zona” sayılan ərazinin minalardan və partlamamış
silah-sursatdan təmizlənməsi və narkotik plantasiyalarının ləğvi həyata
keçiriləcək. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərənin reinteqrasiyası
ərazidə yaşıl energetika, kənd təsərrüfatı, dağ-mədən sənayesi, tikinti
materialları və ərzaq sənayesi və turizmin inkişafı üçün yeni imkanlar yaradır.
Bu ərazinin reinteqrasiyası nəqliyyat-logistika və kommunal infrastruktur
xəritəsini yenidən şəkilləndirəcək. Belə ki, Aran Qarabağ və Kəlbəcər-Laçın,
eyni zamanda Gəncəbasar ilə Arazboyu bölgələr arasında müvafiq olaraq Şərq-Qərb
və Şimal-Cənub vektorları boyunca dəmir yolu, avtomobil yolu, elektrik, su,
qaz, fiber-optik və s. kommunal xətlər daha səmərəli şəkildə təmin ediləcək.
Bir sözlə, Azərbaycan bölgəyə yeni həyata gətirməklə və “Böyük Qayıdış”ın əhatə
dairəsini genişləndirməklə davamlı və inklüziv inkişafı təmin etmək
əzmindədir”, – deyə sədr əlavə edib.