Vyanada görkəmli rejissor Rasim Ocaqovun yubileyi keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və
respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan
olmasının 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində xatirə axşamı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla
Qasımova tədbirdə çıxış edərək, görkəmli rejissorun həyat və yaradıcılığına
nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan söz açıb.
Rasim Ocaqovun ailə üzvləri adından çıxış edən nəvəsi Nərminə Həsənova yubiley
tədbirinin Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyədən sonra Avropa
mədəniyyətinin beşiyi sayılan Vyanada təşkil olunmasını yüksək qiymətləndirib,
Azərbaycan kino salnaməsində unudulmaz izlər buraxmış Rasim Ocaqovla bağlı
xatirələrini tamaşaçılarla bölüşüb.
Tədbirdə “Baku TV” tərəfindən çəkilən, Rasim Ocaqovun həyat və
yaradıcılığından bəhs edən sənədli film ixtisarla nümayiş olunub.
Filmdə onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə
susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə
çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı
arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel
otağı” və digər filmlər barədə məlumat verilib, onun aktyor ansablı ilə iş
üslubu, mövzu seçimi, çəkiliş prosesinə yanaşma tərzindən bəhs olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor və kinoşünas Cəmil Quliyev
tədbir iştirakçılarına videomüraciətində Rasim Ocaqovun milli kino mədəniyyəti
tarixində silinməz iz buraxdığını, onun yaradıcılıq dövrünün kino tariximizdə
ayrıca mərhələ kimi səciyyələndiyini bildirib.
Sonra Xalq artistləri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə
Məmmədova və Fəxrəddin Manafov tanınmış rejissorla bağlı xatirələrini
bölüşüblər. Bildirilib ki, Rasim Ocaqov neorealizm janrında çəkdiyi filmlərdə
insan taleyini ön planda tutaraq, bir-birindən fərqli obraz və hadisələri
yüksək peşəkarlıqla ekranlaşdırıb. Onun filmlərinin mövzuları elə seçilib ki,
onlar hər zaman müasir olaraq qalacaqlar. Rasim Ocaqov Azərbaycan kino sənətinə
böyük filmlər bəxş etməklə yanaşı, aktyorların püxtələşməsində müstəsna rol
oynamış və rejissorluq işində yüksək bir zirvə fəth edərək, gənc yaradıcı nəsil
üçün örnəyə çevrilmişdir.
Çıxışlardan sonra Xalq artistləri tamaşaçıları maraqlandıran sualları
cavablandırıb, aktyorluq sənəti ilə bağlı fikirlərini interaktiv ünsiyyət
şəklində bölüşüblər.
Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli rejissorun həyat və yaradıcılığına
həsr edilmiş fotosərgi də təşkil olunub. Sərgidə Rasim Ocaqovun ekranlaşdırdığı
filmlərdən fraqmentlər, çəkiliş meydançası və tanınmış kino xadimləri ilə
fotoları nümayiş etdirilib.