bb068338-b36e-4be0-927c-2c20acb32fb1..jpg

Vyananın zəngin tarixi memarlığı: Taun üçün ucaldılmış abidələr, Süleymandan “qalan” kilsə – REPORTAJ + FOTO

Baxış sayı: 908 dəfə baxılıb.

Vyananın zəngin tarixi memarlığı: Taun üçün ucaldılmış abidələr, Süleymandan
“qalan” kilsə – REPORTAJ + FOTO

Vyana ona görə Avropa mədəniyyət və incəsənətinin beşiyidir ki, dünyaya
Motsart, Bethoven, II Ştraus, Haydn kimi bəstəkarlar, Klimt, Şile, Kokoşka kimi
rəssamlar bəxş edib, mədəniyyətin qatilinə çevrilən Hitler kimi bir diktator
belə, burada sənət arxasınca qaçıb, incəsənət arzularını reallaşdırmağa
çalışıb. Vyana, bəlkə də, yeganə yerdir ki, orada kilsəyə, muzeyə, saraya
baxanda təkcə qədimilik yox, dinclik də tapırsan. Şəhərə hər gün yüzlərlə
turist səfər etdiyi halda, adamlar səssiz, maşınlar siqnalsız, küçələr isə
küysüzdür. Amma təbii ki, bu səssizlik şəhərin mərkəzi hissələrinə, xüsusilə də
Müqəddəs Ştefan Kafedralı ətrafına şamil olunmur. Çünki Vyanaya gələn birinin
kafedralı görmədən qayıtması haradasa mümkünsüz olduğu üçün onun çevrəsi
Avstriya paytaxtında insan sıxlığının ən çox yaşandığı ərazidir.

Kafedralı məşhur edən isə bir tərəfdən onun tarixi, Vyananın Roma-Katolik
arxiyepiskopluğunun mərkəzi hesab edilməsi və arxiyepiskopun burada
oturmasıdırsa, digər tərəfdən də xariqüladə görünüşü və Avropanın ən hündür
kilsələrindən biri olmasıdır. Təməli 1137-ci ildə atılan və 1578-ci ildə
tikintisi tam başa çatan kilsə qotika memarlıq üslubunda əhəngdaşı ilə inşa
edilib. Bugünkü qaramtıl görüntüsünə isə hava çirkliliyi hesabına sahib olub.
Uzunluğu 105, eni isə 40 metr olan ibadət evinin dörd qülləsi var. Bunlardan ən
hündürü cənub qülləsidir, uzunluğu 136 metr təşkil edir. İmperator fərmanına
uyğun olaraq, keçmiş Avstriya-Macarıstan torpaqlarında heç bir qüllə ondan daha
hündür inşa edilməyib. Oraya 11-i kafedralın əsas qüllə zəngi olmaqla
ümumilikdə 13 zəng quraşdırılıb. Qüllənin şpilinə isə Avstriya imperiyasının
baş rəmzi sayılan qartal fiquru yerləşdirilib.

Kafedralın görüntüsünü zənginləşdirən detallardan biri də çoxrəngli kirəmitli
damıdır, ornamentlər o dərəcədə uğurlu alınıb ki, uzaqdan kilsənin üzərinə
xalça sərildiyini düşünürsünüz. Kafedralın əsas girişi Div Qapısı adlanır və
həmin hissə də müxtəlif ornamentlər, eləcə də inamı, ümidi, sevgini ifadə edən
neoqotik heykəllərlə bəzədilib. Ümumiyyətlə, kilsənin dörd bir tərəfində hər
biri xüsusi məna daşıyan müxtəlif heykəltəraşlıq nümunələri ilə rastlaşmaq
mümkündür. Biz məkanda olarkən orada ayin icra olunurdu. Pasxa səbəbilə
ziyarətçilərin sayı normaldan iki dəfə çox idi. Və ziyarətçilərinin əksəriyyəti
asiyalılardan ibarət idi. Avstriya tarixinin bir çox mühüm hadisələrinə
şahidlik etmiş məkanda onların iştirakı ilə dualar oxunur, şamlar yandırılır,
Tanrı ilə bağ qurulurdu.

Ştefan kafedralından ayrıldıqdan sonra Vyananın digər məşhur ibadət evi olan
Müqəddəs Çarlz kilsəsinə üz tutduq. Barokko memarlıq üslubunun şah əsəri,
dünyanın ən mühüm barokko kilsəsi hesab edilən bu məkan 1713-cü ildə taun
epidemiyası zamanı Habsburq imperatoru VI Çarlzın verdiyi anda görə tikilib.
Belə ki, imperator epidemiya sona çatarsa, Müqəddəs Çarlz Borromeoya həsr
olunmuş kilsə tikəcəyini vəd edib. Epidemiya sonlandıqdan sonra isə imperator
vədinə əməl edərək kilsənin tikintisiylə bağlı göstəriş verib.

Kilsənin ən diqqətçəkən xüsusiyyəti onun hündürlüyü 70 metrdən çox olan və
Müqəddəs Çarlz Borromeonun həyatından səhnələri əks etdirən gözəl freskalarla
bəzədilmiş günbəzidir. Kilsənin interyeri, tavanı, freskalı divarları da eyni
dərəcədə göz oxşayır. Kilsədə qızılı işıq şüaları ilə əhatə olunmuş Müqəddəs
Çarlz Borromeonun heykəlinin yerləşdiyi hündür mehrab isə xüsusilə
heyrətamizdir. Mehrabın hər iki tərəfində spiral sütun yerləşir ki, həmin
sütunlar Yerusəlimdəki Süleyman məbədinin sütunlarını təmsil edəcək şəkildə
dizayn olunub və onların müalicəvi gücə malik olduğuna inanılır.

Taun epidemiyasına toxunmuşkən qeyd edim ki, Avropanın ikinci böyük çayı olan
Dunay çayı üzərində yerləşən Vyana Şərq və Qərb arasında əsas ticarət qovşağı
olduğuna görə müxtəlif dövrlərdə bu xəstəlikdən əziyyət çəkib. Hətta “qara
ölüm”lə ilk dəfə XIV əsrdə üzləşib. Lakin xəstəlik ən geniş şəkildə 1679-80-ci
illərdə yayılıb. 76 minə yaxın insan epidemiya səbəbilə həyatını itirib. Taun
Vyanada artıq o qədər yayılmış bir xəstəlik halına gəlibmiş ki, digər Avropa
şəhərlərində onu “Vyana ölümü” adlandırmağa başlayıblar. Kilsədən də görüldüyü
kimi, taun Vyanada təkcə sosial həyata yox, şəhərin mədəniyyətinə, memarlığına
da ciddi təsir göstərib. Hətta 1693-cü ildə şəhərin mərkəzi küçələrindən olan
Qrabendə barokko üslubunda Taun Sütunu inşa edilib. Ancaq turistlərin Vyana
tarixinin bu keşməkeşli dövrü haqqında məlumatlandırılmasında təkcə bu abidə
yox, şəhərin bir çox muzey və abidələri mühüm rol oynayır. Ümumiyyətlə, Vyana
tarixən baş vermiş bədbəxt hadisələrin belə sənətə köçürüldüyü bir şəhərdir.
Burada küçələrdə müxtəlif dövrlərdə mənfi və müsbət bir çox hadisəni xatırladan
memarlıq nümunələri ilə rastlaşmaq olduqca təbiidir.

Belə abidələrdən biri də Sovet Müharibə Memorialı və ya Qırmızı Ordu
Qəhrəmanları Abidəsidir. 1945-ci ildə Vyana faşist Almaniyasından azad edilən
vaxt həlak olmuş 17 min Qızıl Ordu əsgərinin xatirəsinə Şvartsenberqplatz
meydanında ucaldılıb. Memorial əlində bayraq tutan sovet əsgərinin böyük
heykəlindən ibarətdir. İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı ilə
Avstriya arasındakı tərəfdaşlığın mühüm simvoludur. Soyuq müharibə dövründə iki
tərəf arasında gərginlik və siyasi fikir ayrılıqları yaşanmış olsa da, abidə
sökülməyib. 2014-cü ildə isə onun altında gizli otaq aşkarlanıb. Otağın
müharibə vaxtı sovet əsgərləri tərəfindən komanda mərkəzi kimi istifadə
edildiyi güman edilir.

Vyana elə bir şəhərdir ki, orada həmişə bu kimi yeni həqiqətlər tapmaq olar.
Avstriyalı yazıçı və jurnalist Karl Kraus Vyananı həyat haqqında şeir
adlandırırdı. Küçələrində gəzdikcə mədəniyyətin, sadəcə, daş-divarda yox,
adamlarının təbiətində də təcəssümünü gördükcə, tarixini öyrəndikcə Vyananın
tez əzbərlənən bir şeirdən daha artıq olduğunu, bəlkə də, dəfələrlə oxumaq
istəyəcəyiniz romana bənzədiyini görürsünüz.

“Report” İnformasiya Agentliyi

Source link