Xəzərdə təlimlər, Ərdoğan-Tokayev danışıqları – TƏHLİL
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart
Tokayev arasında oktyabrın 2-də telefon danışığı olub.
Liderlərin ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə
etməsi Azərbaycanla Qazaxıstanın Xəzər dənizindəki birgə hərbi təlimlərinin
başlandığı günə təsadüf edib.
Prezidentlərin müzakirələrinə həmin fonda – hərbi təlimlərin işığında – qiymət
verəndə Türkiyənin Xəzər dənizində təhlükəsizliyin qorunması prinsipləri üçün
prioritetlər seçdiyi görünür.
Cəlbedicidir ki, Ankaranın xarici siyasət strategiyasının Cənubi Qafqaz və
Mərkəzi Asiya regionları arasında yerləşdirdiyi alətlər bir-birilə sıx bağlıdır
– elə digər oyunçuların da.
Qazaxıstan Türkiyənin Mərkəzi Asiyadakı əsas iqtisadi və siyasi partnyorudur
ki, bu da Ankaranın bölgə dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməsinə münbit
şərait yaradır.
Bu proses regionun Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində parlayan
gündəliyini beynəlxalq oyunçuların masasında müzakirə predmeti edir.
Qısa şəkildə:
– Qərb TDT-nin iqtisadi gücünü öz tərəfinə doğru çəkmək üçün əlləşir;
– Qlobal təchizat zəncirləri qırılan Rusiya TDT-ni regional və qlobal
ambisiyalarının çətirinə salmağa çalışır;
– Çin TDT-nin dinamikasından həzz alır. Çünki Pekin regionda Orta Dəhliz üzrə
iddialarının yerinə yetirilməsində TDT-dən ən çox fayda götürən oyunçudur.
Türkiyə ilə Qazaxıstanın cərəyan edən beynəlxalq proseslərdə təmsil etdiyi
dairə regionda maraqları kəsişən oyunçular üçün kritik nöqtədir.
Çünki Qazaxıstan zəngin təbii sərvətlərə malikdir, bu ölkə Mərkəzi Asiyadakı
gələcək hadisələrə qapıdır, bu yaxınlarda cənab Tokayev dövlətin hibrid
təhdidlərlə üz-üzə qaldığına dair ciddi siqnal verdi. Bu, qlobal rəqabətdə
Mərkəzi Asiya üzrə tendensiyaların pərdəarxası dinamikasını göstərən
simvollardır.
Bu mənada Türkiyənin həm ikitərəfli, həm də TDT çərçivəsindəki çoxtərəfli
təhlükəsizlik formatında Qazaxıstanı ipə götürmək istəyənlərə qarşı hərəkətini
aktivləşdirməsi başadüşüləndir.
Ərdoğanla Tokayevin danışıqları geniş mənada sistemli səbəblərlə beynəlxalq
platformadakı münaqişələrin Mərkəzi Asiya səhnəsində davam edəcəyinə qarşı
təsir dairələrini əhatə edir.
Rusiya-Ukrayna müharibəsi ilə beynəlxalq sistemdəki mürəkkəblik dozasının
həddini keçməsi Türkiyə-Qazaxıstan əməkdaşlığının perspektiv təyinatlarını
müəyyənləşdirmək çağırışlarını ortaya çıxarır.
Bu isə postsovet məkanının Cənubi Qafqaz teatrında yeni reallıqlar yaradan
Azərbaycanın genişlənən strateji məzmunu ilə paraleldir.
Azərbaycan və Türkiyə TDT-nin genişlənmə siyasətinin əsas iki təşəbbüskarıdır,
Qazaxıstan isə Bakı-Ankara gündəliyinin Mərkəzi Asiya oxuna dəstək göstərir.
TDT-nin güclənən orbitini zəifləyən orbitə doğru dəyişməməsi üçün:
– Özbəkistanın proseslərdə iştirak səviyyəsinin qalxması,
– Qırğızıstanın ərazi münaqişələri üzrə (Tacikistanla) problemləri
sonlandırması,
– Müşahidəçi statusda olan Türkmənistanın enerji-iqtisadi layihələrdə TDT-nin
gündəliyinə töhfə verməsi,
– Digər müşahidəçi qismində olan Macarıstanın Avropa İttifaqının regiondakı
iqtisadi təşəbbüslərinin artmasına yardımçı olması lazımdır.
Sadalan bəndlər əsassız deyil, çünki tənəzzülə uğrayan qlobal siyasi sistem
regional təhlükəsizlik atmosferini korlayır. İndi güclü təhlükəsizlik
immunitetləri formalaşdırılmalıdır, TDT-nin bu potensialı Azərbaycanın
Qarabağda suverenliyini təmin etməsi ilə güclənir. Yəni münaqişələrin
bir-birilə əlaqəli halqalarından biri qırıldı, hərçənd, Mərkəzi Asiya regionu
xeyli dərəcədə həssas olaraq qalmaqdadır.
Regionda hibrid güc tətbiqinin ən aktiv fazaya keçməməsi həyati əhəmiyyət kəsb
edir, çünki o, vəziyyəti həll etmək əvəzinə daha da gərginləşdirir.
Ərdoğanla Tokayevin telefon danışığı mövcud problemləri həll etmək və
genişmiqyaslı neqativ nəticələrin qarşısını almaq üçün gələcək kritik məqamlara
işıq salacaq.
Aqşin Kərimov