“Xəzri”nin baş məşqçisi: “Azərbaycan Kubokunu qazana bilərik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Finala çıxaraq titulu qazana bilərik”.
Cixisyolu.com xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmen basketbol
üzrə Azərbaycan Kubokunda “Xırdalan”a 75:64 hesabı ilə qalib gəldikləri A
qrupunun oyunu barədə danışarkən deyib.
Mütəxəssis çempionatda da lider olduqlarını xatırladıb:
“Kubokda yarımfinala çıxmışıq, bunların heç biri təsadüf deyil. Hamısını çox
və doğru çalışaraq etmişik. Bütün rəhbərliyi, menecerləri, oyunçularımı,
köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Bunu onlara hədiyyə edirik.
Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik. “Neftçi” ilə
oyundan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq. Oranı
da ayrıca düşünəcəyik”.
“Xırdalan”ın baş məşqçisi Uğur Özdemir rotasiya imkanlarının məhdud olduğunu
vurğulayıb:
“Oyunçularımız mübarizə aparmalarına baxmayaraq, son hissədə çox yoruldular.
Məhz bu dövrədə problem yaşadıq. Gözəl basketbol nümayiş etdirdik. Lakin son
taymda həm biz öz oyunumuzda konsentrasiyanı itirdik, həm də bəzi fərqli
məqamlar nəticəyə təsir etdi. Bu fərqli məqamları artıq iki oyundur ki,
yaşayırıq. Kubok estafetini özümüz üçün bitmiş hesab edirik. Çempionat
oyunlarına köklənməyə çalışacağıq”.