Xabi Alonso: “Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son
dəqiqələrdə”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Son 15 dəqiqə çox gərgin keçdi, həmin anlarda “Qarabağ”ın hücumlarının
qarşısını almağa çalışırdıq”.
“Report”un məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi
Xabi Alonso “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının
qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Azərbaycan çempionunun onları təəccübləndirmədiyini
söyləyib: “Penalti zərbəsi ilə də olsa, qələbə qazandıq. “Qarabağ” güclü
komandadır, bizi təəccübləndirmədi. Kiminlə qarşılaşdığımızı bilirdik. Bunu
nəzərə alaraq bura gəlmişdik. Hazırda qrupda birinci yerdəyik. Yenə də
qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə
çalışırlar”.
Xabi Alonso 14 il əvvəl Azərbaycana gəldiyini xatırladaraq, bu müddətdə çox
dəyişikliklər olduğunu bildirib: “Həm Azərbaycanda, həm də “Qarabağ”da çox
dəyişikliklər olub. 14 il əvvəl heç “Qarabağ”ı tanımırdım. Amma indi nəyə qadir
olduğunu bilirəm. Bu klub ildən-ilə böyüyür, növbəti uğurlar üçün hər şeyi
edir”.
Onun fikrincə, penalti epizodunda hakim haqlı qərar verib: “Penaltidir, istər
ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə toxunuş var idisə,
top qapıya tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir”.
41 yaşlı çalışdırıcı qrupda ikinci yer uğrunda “Molde” ilə “Qarabağ” arasında
rəqabət gedəcəyini düşünür: “Hansı komandanın ikinci yeri tutmağa qadir
olduğunu son görüş göstərəcək”.
“Bayer 04”ün baş məşqçisi “Qarabağ”ın heyətində bəyəndiyi oyunçuların da
adlarını sadalayıb: “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Marko
Yankoviç, Abdullah Zubir və Juninyo Olavionun adını çəkə bilərəm. Digərlərinin
xətrinə dəymək istəmirəm, hamısı yaxşıdır. İnanıram ki, onlar üzərlərinə düşəni
edəcəklər”.