Xaçatryanın məhkəməsində şahid ifadəsi: “Ermənilər hər tərəfdən evləri atəşə
tuturdular” – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmədə zərərçəkmiş şəxslərdən Elnarə Çərkəz
qızı Mehralıyevanın ifadəsi oxunub.
Buna səbəb Elnarə Mehralıyevanın məhkəmədə üzrlü səbəblərdən iştirak
etməməsidir.
Elnarə Mehralıyeva ifadəsində bildirib:
“Mən doğulandan Meşəli işğal olunana qədər orada yaşamışam. Mənim 1991-ci ildə
10 yaşım var idi. Çox şeyi xatırlayıram. Ermənilər Meşəli kəndinə tez-tez
silahlı hücumlar edirdilər. Eşitdiyimə və gördüyümə əsasən deyə bilərəm ki,
Meşəli kəndinin müdafiəsinə Milli Ordudan 10 nəfər ayrılmışdı.
1991-ci ilin 23 dekabrında nənəm bizi yuxudan oyatdı. Dedilər ki, ermənilər
hücuma keçiblər. Ermənilər hər tərəfdən evləri atəşə tuturdular. Evdən çıxmaq
çətin idi. Ermənilərin hücumunun qarşısının alınması çətinləşirdi. Biz evdən
çıxıb qaçmaq istəyəndə mən əlimdən və ayağımdan yaralandım. Bibim isə
kürəyindən güllələndi. Bibim uzanıb qalmışdı, ermənilər oraya yandırıcı maddə
atmışdılar. Bibimin saçı yanırdı. Onu güc-bəla ilə içəri saldıq. Amma atəş
dayanmırdı. Mən birtəhər çıxıb qaça bildim. Qaçan zaman məni bir erməni gördü,
amma mənə atəş açmadı. Kənd camaatı onu tanıyırdı. Amma mən tanımırdım. Qaçan
zaman bizimlə birlikdə olan kənd sakinlərinin bir neçəsini ermənilər vurub
öldürdülər. Bir neçəsi də yaralandı. Biz qaçıb Qarqarçayı keçəndə buz sındı.
Ayağım buz kimi suya düşdü. Bir xeyli gedəndən sonra atam Çərkəz məni tapdı.
Məni belinə alıb apardı. Səhəri gün isə bibim Elmiranı Ağdamda xəstəxanaya
gətirdilər”.
Qeyd edək ki, göstərilən ifadə 2007-ci ilin 19 noyabrında alınıb.
11:13
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin
inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə
keçirilir.
08:10
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezov
Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin
inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə
keçiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını
elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra
Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı
məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini
bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda
yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən
ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində
Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli
azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un
Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın
29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün
aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.