55022a91-fe14-4e6d-8bb1-21b7201ab5bd.jpg

Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Baxış sayı: 239 dəfə baxılıb.

Bu gün Xaçmaz rayonunda “KOB FEST” sərgi-satış yarmarkası işə başlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) məlumat yayıb.

Bildirilib ki, tədbir 3 gün davam edəcək.

Yarmarkanın məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və
xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsidir.

Zəfər Parkının ərazisində keçirilən yarmarkada Xaçmaz, eləcə də ətraf şəhər və
rayonlardan 60-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir və
satılır. Yarmarkaya KOB subyektləri tərəfindən çıxarılan məhsullar arasında
kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, tekstil, sərinləşdirici
içkilər, suvenirlər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin
əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Anar Oruclu və KOBİA-nın İdarə Heyəti sədrinin
müavini Samir Hümbətov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin
qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat
verib, belə tədbirlərin regionda fəaliyyət göstərən sahibkarların məhsullarının
satışı və yeni biznes əməkdaşlıqlarının qurulması üçün əhəmiyyətli olduğunu
qeyd ediblər.

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.

Bu, sayca 8-ci tədbirdir. Bundan əvvəl “KOB FEST”lər Bakı, Göygöl, Şəki,
Gəncə, Masallı, Naxçıvan və Zaqatalada təşkil olunub. Bu yarmarkalar
çərçivəsində ümumilikdə 330-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin
tanıdılmasına, satışına və yeni biznes əlaqələrinin qurulmasına dəstək
göstərilib.

Source link