Bir müddət əvvəl barəsində bəraət hökmü çıxarılan müğənni Nüşabə Musayeva ilə
bağlı kassasiya şikayəti verilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, müğənninin xalası Şahsənəm Ağaddin qızı
Canıyeva Səbail Rayon Məhkəməsinin Nüşabə Sabir qızı Musayeva barəsində
çıxarılan bəraət hökmünün ləğv edilməsini və bacısı qızının cəzalandırılmasını
tələb edir.
Xatırladaq ki, müğənni Nüşabə Musayeva bir müddət əvvəl “Bizimləsən”
verilişində atasının anasına xalası ilə xəyanət etdiyini demişdi.
Ş.Canıyeva bildirib ki, bacısı qızı canlı efirdə onun barəsində alçaldıcı
ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. O, Nüşabə Musayeva
barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu
bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan
salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada
və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma)
maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət verib və ona dəymiş mənəvi
zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.
Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O,
anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda
yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana
yol vermədiyini bildirib.
Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə
görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.
Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını,
ər-arvad kimi yaşadıqlarını gördüklərini deyiblər.
Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və
Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib.
Onu da qeyd edək ki, xalasının müğənni Nüşabə Musayevanın ittiham olunmasını
tələb etdiyi Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, bu əməli törədən
şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx
saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə
islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.