Xalçaçılığı ilmələrlə qoruyanlar – REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyəti tarixində özünəməxsus yer
tutur. Hətta bu sənət xalqın rəmzinə çevrilib. Müxtəlif naxış elementləri və
təsvirlərlə bəzədilən xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə
yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə
edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.
Azərbaycan xalçaları özünün müxtəlif bəzəklərinə və təbiiliyinə görə, dünyada
seçilir. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz
olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir.
Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk
sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz
toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng
koloritinə görə bir-birindən fərqlənən 8 (Palaz, Cecim, Ladı, Kilim, Şəddə,
Vərni, Zili, Sumax) növə bölünür. Onların əksəriyyəti quzu və ya qoyun yunundan
hazırlanır, ipək növü isə eksklüziv olaraq ölkənin yeganə ipək istehsal edən
bölgəsi olan Şəkidə hazırlanır.
Əvvəlcə qoyun yunu yetişdirilir, bu, adətən yaz və ya payızda edilir – sonra
yuyulur, əyirilir və iplik üfüqi və ya şaquli dəzgahlarda toxunmazdan əvvəl
boyanır. Təbii, qədim boyama üsulları Azərbaycanda hələ də ən əlverişlidir.
Onlar qırmızı soğan, zəfəran, qoz qabığı və nar kimi bitkilərdən, meyvələrdən
və tərəvəzlərdən alınır. Bu köhnə texnikalar zamanın sınağından şiddətlə keçdi.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış,
kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 (Quba,
Bakı yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) xalçaçılıq məktəbinə
bölünür.
Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı
göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi,
respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib
istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının
parlaq təzahürüdür.
İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin
təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə mayın 4-5 tarixlərində
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir.
“Report” bu festivalda xalçaçı qadınlarla həmsöhbət olub.
“Azərxalça” ASC-nin Kürdəmir filialının əməkdaşı Şəhla Məhərrəmova altı ildir
ki, xalça toxuduğunu qeyd edib:
“Mən təsadüfən xalçaçılıqla tanış olmuşam. Əvvəl toxucu olmaq fikrim yox idi,
lakin ətrafımda olan böyüklərdən öyrəndikcə, bu peşəyə marağım artdı. Bu gün
mən çoxlu sayda xalçalar toxumağıma baxmayaraq hər zaman sahəmlə bağlı
yenilikləri öyrənirəm.
Ən çox Şirvan, Quba, Qarabağ, Xarı Bülbül kimi növlü xalçalar toxumuşam.
Əvvəllər daha çox yun xalça toxuyurduq, hazırda isə daha çox ipək xalçalara
üstünlük verilir.
Onu da qeyd edim ki, bizim müəssisəmizə gələn gənc tələbələri də öyrədirik.
Biz istəyirik ki, bu sənət itməsin, gənclərə ötürülsün və millətin maddi dəyəri
olaraq yaşasın”.
Onun sözlərinə görə, xalça həyatın gözəlliklərini əks etdirir:
“Xalçanı toxuyarkən ona laqeyd yanaşılanda bu zaman xalça mükəmməl
alınmayacaq. Xalçanın daha keyfiyyətli olması üçün onun qıraq bükümünə nəzər
yetirmək lazımdır. Qıraq bükümü düz getməlidir. Xalçada yığılma-açılma
olmamalıdır. Xalçada bu kimi keyfiyyətlər varsa xalça əla növ hesab edilir. Bu
illər ərzində hər zaman əla növ xalça toxumuşam, bircə dəfə birinci növ xalça
toxumuşam”.
Ağdam filialının toxucusu Dilber Abdullayeva bildirib ki, xalçaçılığa marağı
nənəsi yaradıb:
“O, xalça toxuyan olub. Əvvəllər xalçaya baxanda deyirdim ki, bu cür al-əlvan
rəngləri, bəzəkləri, necə yaradırlar. Artıq mən də bu cür xalçaları asanlıqla
toxuyuram və tam peşəkar olmaq qərarına gəldim. Buna görə də Ağdamda xalçaçılıq
kursunu bitirdim”.
O, artıq altı ildir ki, “Azərxalça”nın Ağdam filialında toxucu işlədiyini
bildirib:
“Tək özüm xalçalar toxumuşam. Eni 1,5 metr, uzunu 1,65 metr olan xalçanı bir
aya təhvil verirəm. Toxuyanda ailə qayğılarını düşünəndə səhv etmək olur.
İstənilən səhvi asanlıqla düzəldə bilirəm. Hər səhv bir naxışdır. Lakin əsas
məqsədim odur ki, səhv etməyim, dövlətin bizə verdiyi saplar, iplər məhv olmasın
”.
D.Abdullayeva uzun illər xalça toxuduğunu bildirərək, hər gün fərqli sirlərin
üstünü açdığını qeyd edib: “Bir sözlə, çox sehirli sənətdir”.
Onun sözlərinə görə, əsasən Qarabağ xalçaları toxuyub:
“Bütün növ xalçaları toxumaq mənim üçün asandır. Lakin Qarabağ xalçalarını çox
sevirəm. Bu xalçalar çox rəngarəngdir. Bununla yanaşı, bir dəfə Hindistan
xalçaları da toxumuşam. Burda bıçaqdan istifadə etmək olmazdı. Bu xalça mənim
üçün toxuduğum ən maraqlı xalçalardan olub”.
D.Abdullayeva qeyd edib ki, xalçaçılıq ağır sənətdir:
“İşləyərkən çalışırıq ki, fikrimiz, diqqətimiz ilmədə olsun. Bu sənət nə qədər
ağır olsa da həyatdakı yük qədər ağır deyil. Ömrümüz ilmələrdə keçir. Qızımın
12 yaşı var, qızıma ilmə vurmağı öyrətmişəm. Həmişə arzu edirəm ki, qızım tək
toxucu yox, o cümlədən fərqlənən ustalardan, rəssamlardan olsun. Ətrafımda
işimi dəyərləndirən hər kəsə sənətimi ötürmək istəyərəm. Sənətin məhv olmaması
üçün çalışmaq lazımdır. Biz ölkəmizi mədəniyyətimizlə dünyaya təqdim edirik,
xalçaçılarımız sənəti ilmələrlə qoruyur”.
“Azərxalça” ASC-nin Qəbələ filialının əməkdaşı Sevda Qəribova festivalın çox
maraqlı keçdiyini vurğulayıb:
“Festivalda maraqlananlar, ilmə vurmaq istəyənlər çox idi”.
Onun sözlərinə görə, hazırda ipək xalçalara üstünlük verilir:
“Bu isə, çox məsuliyyətli işdir”.
Qeyd edək ki, Azərbaycanda hər bir bölgəyə aid olan xalçalar o bölgənin milli,
mənəvi ruhunu əks etdirir. Bu sənət uzun illərdir ki, nəsillərdən nəsillərə
ötürülür.
Bununla yanaşı bu gün xalçalarımız dünyanı gəzir, həm özlərini, həm də
Azərbaycanı tanıdırlar.
Azərbaycan xalçaları artıq dünyanın bir çox məşhur muzeylərində nadir sənət
nümunəsi kimi saxlanılmaqdadır. İnanırıq ki, Azərbaycan xalçaları dünyanı daha
fəth edəcək.
“Report” İnformasiya Agentliyi