Xalq artisti: Əziyyətimi qayınanam çəkdi

Xalq artisti: Əziyyətimi qayınanam çəkdi

Baxış sayı: 2. 113 dəfə baxılıb.

Xalq artisti: Əziyyətimi qayınanam çəkdi

Bir neçə ay idi ki, səhhətimlə bağlı ciddi problemlərim var idi. Bu haqda məlumat vermək istəmirdim. İnsanıq, axı robot deyilik.

Bu sözləri ÇıxışYolu.Com-ın əməkdaşı ilə söhbətində Xalq artisti Gülyanaq Məmmədova dilə gətirib.

Səhhətində yaranmış problemlərdən danışan Gülyanaq qayınanası tərəfindən müalicə aldığını etiraf edib:

“Bədən, vücud zəifləyir. Müəyyən orqanlar öz fəaliyyətini itirir. Azərbaycan həkimləri qarşısında baş əyirəm. Əziyyətimi qayınanam da çəkdi. O, Türkiyənin məşhur xəstəxanalarından birində həkim kimi çalışır. Orada həkim kimi öz işi və peşəsi ilə bağlı böyük hörmət qazanıb.

Etiraf edim ki, yay ərəfəsində bir ay müddətində qayınanam orada məni müalicə etdi. Azərbaycanda da müalicə aldım. Bizim gözəl həkimlərimiz çoxdur. Sağ olsunlar, məni o vəziyyətdən çıxardılar. Mən tam çılpaqlığı ilə xəstəliyim haqda danışmaq istəmirəm. Nasazlıq idi, gəldi, getdi. İnsanın döyünən ürəyi əgər əsməcə tapırsa, artıq heç nə edə bilməz”.

Bir müddət öncə Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsində Cənubi azərbaycanlı Sami Yusufun görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə – Əməkdar artist Sevda Ələkbərzadə ilə duet şəklində xor və orkestrin müşayiəti ilə səsləndirməsi, eləcə də, bir neçə gün əvvəl Əməkdar artisti Xumar Qədimovanında şairin “Neylərəm” adlı qəzəlinə mahnı bəstələyib oxuması müzakirələrə səbəb olub.

Sənətçilərin bu ifalarını Xalq artisti belə dəyərləndirib:

“Sami Yusufla Sevda Ələkpərzadənin, eləcə də, Xumar Qədimovanın Nəsiminin sözlərinə məxsus mahnılarını dinləmişəm. Bu il Nəsimi ilidir. Hamı istəyir ki, bu il ərzindən böyük şairə öz sevgisini bildirsin. Hərə bir yaradıcılıqla ona yanaşırsa, mən ona pis baxa bilmərəm. Mən şəxsən öz adıma deyə bilərəm ki, çox bəyəndim.

Orada azərbaycanlılardan ibarət möhtəşəm orkest heyyəti var idi. Samini azərbaycanlılardan ibarət musiqiçilər müşayiət edirdi. Biz bununla fəxr etməliyik. Kompozisiya belə bizim musiqilər üzərində qurulmuşdur. Sadə və gözəl əsər idi.

Bir işə böyük miqdarda pul xərclənirsə, demək ki, həmin işin uğuru qat-qat gözəl olacaq. Amma bizim maddi gücümüz yoxdursa, bu o demək deyil ki, biz heç nəyə qadir deyilik. Bizim üçün də bu qədər pul xərclənsəydi, biz də Sami kimi bu cür əsərlərdən çox edərdik. Orada gözəl sənət, iş, zəhmət və yaxşı maliyyə var idi.

Apreldə Avstriyanın Vyana şəhərində Nəsimi ilə bağlı çıxışımız oldu. Dəfələrlə Nəsimi ili ilə bağlı konsert proqramlarında çıxış etmişik. Yaxın 10 gün ərzində bacım Gülyazla Nəsimi ilə bağlı konsert təqdim edəcəyik.”.

Daha sonra Gülyanaq Məmmədova redaksiyamız vasitəsi ilə “Xalq artisti” adına laiq görülən həmkarlarına sələnib, onları təbrik etdi :

“Öz adımdan “Xalq artisti” adına layiq görülmüş hər bir həmkarımı sizin sayt vasitəsi ilə ürəkdən təbrik edirəm. Uğurları bol olsun. Zəng edib onları təbrik edə bilmədim, çünki telefonları, əfsuslar olsun ki, məndə yoxdur. Hərənin bir şansı, arzusu var. Hər bir sənət yoldaşımın uğuru məni sevindirir. Röyanı çox istəyirəm. Zəhmətkeşdir. Özünəməxsus ifası və repertuarı ilə sevilir, seçilir. Röyanı, eləcə də Tünzaləni dinləyirəm. Miri Yusifin nəğmələrindən xəbərim yoxdur. Onu dinləməmişəm. Bir tək Roya ilə Miri Yusiifin duetlərini eşitmişəm.

Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına etiraz edərək, “Milli musiqiyə xidmət edən müğənnilərimiz, sizlərin xeyir işlərinizdə 7-8 saat canlı ifaya görə bir az artıq pul istəyəndə deyirsiniz ki, çoxdur, endirim edin. Endirim etməyəndə də “sağ olun, lazım deyilsiniz” deyirsiniz” kəlməsini isə G. Məmmədova reaksiyasını bu cür bildirib:

“Mən o fəxri ada zəhmətim bahasına layiq görülmüşəm. Çox şərəf duyuram ki, cənab prezindent bizi illər öncə “Xalq artisti” adı ilə təltifləndirib. Mən o işlərə qarışmaq istəmirəm. Hər zaman bütün konsertlərlərdə, tədbirlərdə, çalışdığım teatrlarda canlı ifa ilə çıxış etmişəm. Biz hər zaman dövlətimizə şərəflə qulluq etmişik. Toyu isə hər zaman sonda düşünmüşük. Bizim üçün ən birinci və önəmli Azərbaycanın milli musiqisinə xidmət etməkdir. Maddiyyatı isə ən sonda nəzərdə tutmuşuq. Müəyyən problemləri həll etmək üçün toylara üz tuturuq. İstəmərəm ki, toya gedib səsimi yorum. Canlı ifa edirəm, fonoqramla oxumağı sevmirəm. Bunu hamı bilir. Hamı da təsdiq edə bilər. Mən toya da getsəm, zəhmətim ilə o pulu qazanıram”.

Oktyabrın 30-da Heydər Əliyev Sarayında baş tutan konsertindən bəhs edən Gülyanaq bir-neçə dəfə konsertin təxirə düşdüyünü vurğulayıb:

“Konsertdə iştirak edən hər bir tamaşaçımıza öz minnətdarlığımı bildirirəm. Onlardan çox böyük enerji aldıq. İzləyicilərimizi alqışlarından bunları hiss etdik. Konsertimiz dəfələrdə təxirə salındı. Atamızı itirdik, ağır günlər yaşadıq, hüzürümüz düşdü, stress, əsəb gərginlik öz işini gördü. Acı da, sevinc də bizimdir. Amma bütün yaşananlara rəğmən konserti keçirmək qərarına gəldik. Bizə konsertdə dəstək çıxan, müşayiət edən hər bir musiqiçiyə təşəkkür edirəm. İfa etdiyimiz bütün əsərlər tamaçılar tərəfindən çox bəyənildi, müsbət qarşılandı. Həmçinin, o axşam Heydər Əliyev Sarayının səhnəsini mənimlə bölüşən və dəstək çıxan xalq artisti Nürəddin Mehdixanlıya həm minnətdarlığımı bildirirəm, həm də cənab prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edirəm”.

Rəşad Əliyev