e3461f05-a5d4-454f-b65d-1ef0ef728041.jpg

Xalq artisti Elmira Şabanovanın doğum günüdür

Baxış sayı: 137 dəfə baxılıb.

Noyabrın 1-i Xalq artisti Elmira Şabanovanın doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Elmira Balahüseyn qızı Hüseynova 1940-cı ildə Bakıda
anadan olub.

O, 1958-62-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda
aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültəsində təhsil alsa da, atası
sənətini davam etdirməsinə mane olur.

E.Şabanova institutun I kursunda rejissor Rüfət Şabanovla ailə qurur və
rejissor qadağan etdiyi üçün o, 1977-ci ilə kimi kinoya çəkilmir. Aktrisa bu
haqda deyir:

“Əvvəl atam, sonra da həyat yoldaşım mənə qadağa qoydular. Mən həyat yoldaşımı
başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdürlər. O bilirdi ki, mənim
istedadım var. Amma həmişə deyirdi ki, Elmira, sevgi filmində bircə rol ifa
etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən. Ona görə də mən
qırx yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə
rejissorlar mənə ancaq ana rolları verdilər”.

E.Şabanova 1962-97-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində müəllim və dosent işləyib. “Azərbaycanfilm” kinostudiyasında
30-a yaxın bədii filmdə çəkilib.

1977-ci ildə “Bədbəxtliyin astanasında” qısametrajlı bədii filmi ilə
ekranlarda görünən aktrisa xüsusilə 1980-ci illərdə bir-birinin ardınca kino,
radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın
ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmində
ustalıqla oynadığı “Həmidə xanım” obrazı mühüm yer tutub.

E.Şabanova “Qocalar”, “Qafqaz”, “40-cı qapı” filmlərində bir-birindən gözəl
obrazları ilə yadda qalıb.

Aktrisa 2006-cı ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Source link